Bakı. Trend:
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Maykl Cordan doğulduğu Vilminqton şəhərində yerləşən tibb mərkəzinə 10 milyon dollar məbləğində ianə edib.
Trend xəbər verir ki, ianədən sonra klinikanın Nevrologiya İnstitutu məşhur basketbolçunun anası Delorisin adını daşıyacaq.
Cordan açıqlamasında bildirib ki, anası ona şəfqətin vacibliyini öyrədib: “Onun xatirəsini anmaq üçün ehtiyacı olan insanlara ən müasir nevroloji xidmətin göstərilməsinə dəstək olmaqdan daha yaxşı bir yol təsəvvür edə bilmərəm”.
Qeyd edək ki, Maykl Cordan dünya basketbolunun ən böyük oyunçularından biri sayılır. O, ikiqat Olimpiya çempionudur (1984, 1992) və “Çikaqo Bullz”un heyətində altı dəfə NBA çempionu olub.
