Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 18 noyabr 2025-ci il tarixində “II İllik Sindikativ Kreditlər Forumu”nu keçirib.
Tədbirdə yerli sindikativ kredit bazarının inkişaf
istiqamətləri, xarici bankların təcrübəsi və bu prosesdə rolu,
lokal bazarda beynəlxalq maliyyə institutlarının iştirak
perspektivləri, bazarda mövcud çağırışlar və yeni imkanlar, eləcə
də bazarın inkişafı üçün praktiki həllər və yol xəritəsi müzakirə
olunub.

Forumda çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş
maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, tədbir sindikativ
kredit bazarının inkişafı üçün vacib müzakirə platformasıdır və
burada aparılan fikir mübadiləsi bazarın gələcək istiqamətinə töhfə
verir. O vurğulayıb ki, sindikativ kreditlərin inkişafı zəruridir
və məqsəd bu aləti müştərilərin güvənəcəyi davamlı və effektiv
maliyyələşmə vasitəsinə çevirməkdir. Süleymanov həmçinin qeyd edib
ki, Azərbaycanın qeyri-neft sektorunun genişlənməsi və
iqtisadiyyatda yeni layihələr bazarın potensialını artırır, aparıcı
reytinq agentliklərinin ölkənin investisiya dərəcəsini yüksəltməsi
isə xarici sindikativ kreditləri daha da cəlbedici edir.

Qeyd edək ki, tədbirdə 100-ə yaxın yerli və beynəlxalq bank və
maliyyə institutlarının nümayəndələri, korporativ sektor və hüquqi
xidmət sahələrinin ekspertləri iştirak edib. İştirakçılar
interaktiv sessiyalar vasitəsilə suallarına cavab tapmaq və
beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

“PAŞA Bank” son illər alternativ maliyyələşmə imkanlarının artırılması istiqamətində fəal təşəbbüslər həyata keçirir. Bank tərəfindən 2024-cü ildə “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalar” mövzusunda keçirilən tədbirlər də bu ekosistemin formalaşmasına töhfə verib.
2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan “World’s Best Private Banks 2025” mükafatının qaliblərindən biridir. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir.