...

Bütün regionları əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır – Deputat

Cəmiyyət Materials 20 Noyabr 2025 11:45 (UTC +04:00)
Bütün regionları əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müəyyən sahələrdə struktur islahatları çərçivəsində optimallaşmaya gedilirsə və ya gediləcəksə, bu işlərə regionlarda çox həssas yanaşmaq lazımdır.

Trend xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi nin üzvü Müşfiq Cəfərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Çünki regionlarda hər bir iş yerinin dəyəri böyükdür, yeni iş yerləri yaratmaq üçün iş adamları üçün stimullaşdırıcı addımlar atmalıyıq və daha sonra dövlət qurumlarında optimallaşmaya getməliyik. Biz elə etməliyik ki, regionlardan Bakıya iş üçün üz tutan insanlar öz rayonlarına, şəhərlərinə qayıtsınlar. Yalnız belə olan halda biz regionları inkişaf etdirə biləcik. Bakıya olan insan axının qarşısını ala biləcəyik”, - deyə o vurğulayıb.

Millət vəkili bildirib ki, dövlət qurumlarında struktur optimallaşması siyasəti aparılacaqsa, regionlar xüsusi həssaslıqla nəzərə alınmalıdır, bütün regionları əhatə edən yeni iqtisadi təşviq paketi hazırlanmalıdır:

“Bu paket qısa müddətli hədəflər – iş yerlərinin qorunması, yerli istehsalın genişləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi kimi məsələləri özündə əks etdirməlidir, uzun müddətli hədəflər isə – sənayeləşmə, ixrac potensialının artırılması, sənaye məhəllələrinin və ya parklarının yaradılması, artıq bir neçə rayon və şəhərlərdə bu yaradlıb, Gəncə şəhərində də biz Sənaye parkının yaradılmasını arzu edirik, innovasiya və texnologiya sahələrinin regionlara gətirilməsini əhatə etməlidir.

Biz sahibkarı regionlarda işləməyə həvəsləndirməliyik. Çünki dayanıqlı iş yerlərini sahibkar yaradır və bununla da büdcə yükünü azaltmış olarıq. Bu məqsədlə vergi güzəştləri, subsidiyalar, infrastruktur dəstəyi, kommunal xərclərin optimallaşdırılması, investisiya təşviqləri genişləndirilməlidir”.

Deputat əlavə edib ki, büdcə yalnız xərcləmə sənədi deyil, həm də idarəetmə mədəniyyətidir.

“Biz bir neçə il öncə qənaət rejiminə keçməli idik və indi bunu sistemli formada etməliyik. Lakin qənaət rejimi vətəndaşın sosial rifahına mənfi təsir göstərməməlidir. Əksinə, qənaət səmərəsiz proqramlardan, israfçılıqdan, korrupsiya və rüşvətxorluqdan myığılan vəsaitlər hesabına olmalıdır. Bu, büdcənin yükünü azaltmaqla yanaşı dövlət idarəçiliyini də sağlamlaşdıracaq”, - deyə M.Cəfərov fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti