Bakı.Trend:
Ötən gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” adlı Beynəlxalq Elmi Konfrans təşkil olunub.
Trend xəbər verir ki, tədbir Şərq miniatür sənətinin estetik və mənəvi dəyərlərinin dərindən araşdırılması, həmçinin bu ənənənin müasir dövrdə rəqəmsal incəsənət və vizual fəlsəfə kontekstində yenidən dəyərləndirilməsi baxımından böyük elmi və mədəni əhəmiyyət kəsb edib.
Konfransın gündəliyində miniatür sənətinin fəlsəfi və mədəni istiqamətləri, türkdilli coğrafiyada vizual fəlsəfə ənənələri, rəqəmsal texnologiyaların təsviri sənətə təsiri, muzey idarəçiliyi və müasir təqdimat metodları, həmçinin mədəni diplomatiyanın inkişafında miniatür sənətinin rolu kimi mövzular müzakirə olunub.
Tədbirdə İngiltərə, Rumıniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Azərbaycanın tanınmış alimləri, sənətşünasları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Beynəlxalq mütəxəssislərin iştirakı Şərq miniatür irsinin müasir tədqiqat perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmasına imkan yaradıb. İştirakçılar arasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin təşviqi və miniatür sənətinin müasir platformalarda təbliği istiqamətində mühüm razılaşmalar əldə edilib.
