Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos Filippində keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF-31) çərçivəsində təşkil olunan Cənub-Şərqi Asiya Kosmik Liderlər Forumu (Southeast Asian Space Leaders’ Forum) zamanı Azərbaycanın genişlənən kosmik imkanlarını və iqtisadi baxışını təqdim edib.
Bu barədə Trend-ə agentlikdən məlumat verilib.
“Kosmik iqtisadiyyat” mövzusuna həsr edilmiş çıxışda son illər ərzində Azərbaycanın müasir kosmik ekosisteminin qurulması istiqamətində əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verilib.
Çıxış zamanı regionda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verən Azerspace-1 və Azerspace-2 telekommunikasiya peykləri, “Azconnexus” peyk internet həlləri, eləcə də Yer səthinin məsafədən müşahidəsi ilə bağlı imkanlar barədə danışılıb.
Azərkosmosun Coğrafi İnformasiya Sistemləri və Yerin müşahidəsi qabiliyyətlərinin kosmik iqtisadiyyat üçün yaratdığı dəyər vurğulanıb. FarmerUp, Platerra, Milli GIS platforması və iqlim analitikası kimi həllərin kənd təsərrüfatı, ekologiya, şəhərsalma və digər sahələrdə peyk məlumatlarının tətbiqini genişləndirdiyi qeyd edilib.
Təqdimat zamanı Azərkosmosun strateji hədəflərindən biri olan insan kapitalının inkişafı, bu məqsədlə yaradılan KOSMİK Akademiyanın proqramları və bu təşəbbüslərin gənclərin kosmik texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələr haqqında da məlumat verilib.
Forum çərçivəsində Azərkosmos və Filippin Kosmik Agentliyi (PhilSA) arasında ikitərəfli görüş keçirilib. Tərəflər peyk rabitəsi, Yer müşahidəsi tətbiqləri, insan kapitalının inkişafı və Asiya-Sakit Okean regionu üzrə birgə kosmik təşəbbüslər sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib, həmçinin gələcəkdə qarşılıqlı texniki missiyaların təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.
