Bakı. Trend:
2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır.
Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.
Eyni zamanda, 2026-cı ildə 100 yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və 135 peşə və kvalifikasiya standartlarının yenilənməsi həyata keçiriləcəkdir.
İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmasını dəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına mindən artıq iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur.
İşədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur.
Tələbə və şagirdlərin, habelə onların valideynlərinin, işaxtaran və işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına, karyera hədəfinin müəyyənləşdirilməsinə dəstək və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləri aparmaq məqsədi ilə təşkil olunan peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq şəxslərin sayı növbəti il 230 mindən çox olacaqdır.
