Bakı. Trend:
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi 21-22 noyabr 2025-ci il tarixlərində Azərbaycana səfər edib.
Trend-in məlumatına görə, bu barədə Təşəbbüsün mətbuat açıqlamasında bildirilib.
Ermənistan nümayəndə heyətinin üzvləri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan azərbaycanlı həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayevlə görüşüblər.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi, vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafı, eləcə də yaxın perspektiv üçün potensial birgə layihələr müzakirə edilib. Həmçinin iki ölkə ictimaiyyətini maraqlandıran cari məsələlərə toxunulub.
Tərəflər media sahəsində birgə fəaliyyətin genişləndirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması və vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha fəal cəlb olunması barədə razılığa gəliblər.
Bundan başqa, işçi səviyyəsində əməkdaşlığın davam etdirilməsi və təşəbbüs çərçivəsində hər iki ölkəyə növbəti səfərlərin planlaşdırılması qərara alınıb.
Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsünün üzvləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüblər. Danışıqlarda Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar müzakirə olunub. Hikmət Hacıyev təşəbbüs nümayəndələrinin suallarını cavablandırıb.
