Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısını almaq üçün mübarizə tədbirlərini davam etdirirlər. Paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb. Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və onları sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.
