Bakı. Trend:
İtaliyanın müdafiə naziri Quido Krosetto, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü 28 maddəlik sülh planını qiymətləndirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, nazir sosial şəbəkədəki açıqlamasında planın Ukrayna üçün “çox ağır olduğunu və qəbul edilməsi mümkün olmayan bəndlər” daşıdığını bildirib.
Krosetto həm Rusiya, həm də Ukraynanın bu sənədi müzakirə etdiyini qeyd edərək, ağır şərtlərə baxmayaraq, planı “ümumi müzakirələr üçün başlanğıc nöqtəsi” kimi qiymətləndirdiyini vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd müharibənin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq və Ukrayna üçün təhlükəsiz gələcək təmin edəcək razılaşmaya nail olmaqdır.
Krosetto, hər gün minlərlə ukraynalı və rus hərbçinin həyatını itirdiyini xatırladaraq, mövcud planın “qüsurlu olsa belə, danışıqlar üçün bir imkan yaratdığını” qeyd edib.
G20 Liderlər Sammitində çıxış edən İtaliya Baş naziri Ciorcia Meloni də Roma hökumətinin ədalətli sülh üçün Avropa və ABŞ-dən olan tərəfdaşları ilə əməkdaşlığa hazır olduğunu bildirib.