Bakı. Trend:
Orta Dəhliz - sadəcə nəqliyyat marşrutu deyil: o, innovasiyaları, əməkdaşlığı və iqtisadi artımı stimullaşdırır.
Trend ABŞ-nin Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Alan Pörsell Avropa İttifaqı-Gürcüstan Biznes Şurası tərəfindən təşkil olunan “Qara dəniz Platforması” illik konfransında bildirib.
O, Orta Dəhlizdə – Mərkəzi Asiyanı dünya bazarları ilə birləşdirən əsas ticarət marşrutunda – Gürcüstanın mühüm rolunu vurğulayıb.
“Pörsell çıxışında ABŞ-nin uzun illərdir Gürcüstanın bu dəhlizin inkişafı istiqamətindəki səylərini dəstəklədiyini vurğulayıb. Bu dəstəyə Korporativ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) Poti limanının imkanlarının genişləndirilməsi və regional əlaqəliliyin gücləndirilməsi üçün yeni dəniz limanının tikintisinə yatırdığı böyük investisiyalar da daxildir”, – deyə məlumatda qeyd olunub.
Səfirliyin məlumatına əsasən, o, həmçinin energetika, infrastruktur, rəqəmsal ticarət və logistika kimi sahələrdə Amerika şirkətlərinin artan marağına diqqət çəkib.
“Pörsell vurğulayıb ki, Orta Dəhliz təkcə nəqliyyat marşrutu deyil: o, innovasiyaları, əməkdaşlığı və iqtisadi artımı stimullaşdırır. O, son diplomatik irəliləyişi – xüsusilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları – alqışlayıb və qeyd edib ki, stabillik yeni iqtisadi imkanlar üçün şərait yaradır, o cümlədən “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP) vasitəsilə. Pörsell ABŞ-nin Gürcüstana və Qara dəniz regionuna Qara dəniz və Transxəzər məkanında əlaqəliliyin, sabitliyin və ümumi rifahın təşviqi istiqamətində dəstəyini bir daha təsdiqləyib”, – səfirliyin məlumatında bildirilir.
