Bakı. Trend:
COP30-un Belemdə başa çatmasına bir neçə saat qalmış iqlim üzrə Avropa komissarı Vopke Hoekstra vəziyyətin son dərəcə narahatedici olduğunu bildirib.
Trend xəbər verir ki, Avropa İttifaqı mövcud layihə mətninin istixana qazı emissiyalarının azaldılması baxımından yetərli olmadığını bildirib.
“Hazırda masada olan mətn qəbuledilməzdir. Lazım olan yerdən bu qədər uzaq olduğumuza görə, təəssüf ki, sammitin razılaşma olmadan bitməsi real ehtimaldır”, - deyə Hoekstra əlavə edib.
O diqqətə çatdırıb ki, bu mətn məyusedicidir:
”Layihədə fosil yanacaqlar haqqında heç bir qeyd yoxdur: nə onların mərhələli şəkildə dayandırılmasından, nə də bunun üçün tələb olunan “yol xəritəsi”ndən. Halbuki Avropa, Latın Amerikası və ada ölkələri daxil olmaqla 80-dən çox ölkə bunun mətnə daxil edilməsini tələb edir”.