Bakı.Trend:
Qlobal iqlim proseslərinin kritik mərhələsində ardıcıl keçirilən COP sammitləri bəşəriyyətin gələcəyini müəyyən edən ən mühüm diplomatik platformalardan biridir. Lakin COP29 və COP30 arasında yaranmış ciddi fərqlər iqlim diplomatiyasının hansı istiqamətə doğru getdiyini, beynəlxalq etimadın hansı dinamikada dəyişdiyini və proseslərin effektivliyinin nə dərəcədə həssas olduğunu açıq şəkildə göstərir. Bu iki tədbirin müqayisəsi, xüsusilə də Bakı COP29-un böyük uğurları fonunda Beləmdə keçirilən COP30-un çətinlikləri, qlobal iqlim idarəçiliyində mövcud çatışmazlıqları daha dərindən anlamağa imkan verir.

Bakı COP29-un beynəlxalq aləmdə “uğur simvolu” kimi
qiymətləndirilməsinin əsas səbəbi onun təşkilati, diplomatik və
nəticə yönümlü modeli oldu. On il ərzində gözlənilən bir sıra
kritik məsələlərin məhz Bakıda razılaşdırılması qlobal iqlim
gündəminə yeni dinamizm verdi. Paris Sazişinin 6-cı maddəsinin tam
razılaşdırılması, yüksək inteqrasiya olunmuş qlobal karbon
bazarlarının əməliyyatlaşdırılması, itki və zərər mexanizmlərinin
institutlaşması və yaşıl iqtisadiyyat üçün rekord məbləğdə maliyyə
hədəfinin müəyyənləşdirilməsi — bunlar təkcə Azərbaycan üçün deyil,
bütövlükdə bəşəriyyət üçün dönüş nöqtəsi hesab olunur.
Bundan əlavə, COP29-un təhlükəsizlik, logistika və diplomatik
inklüzivlik baxımından sorunsuz şəkildə təşkili beynəlxalq etimadı
daha da gücləndirdi. Dünyanın müxtəlif ölkələrində keçirilmiş
əvvəlki COP-larda etiraz aksiyaları, təhlükəsizlik problemləri,
xaotik logistika hadisələri müşahidə olunduğu halda, Bakı sammiti
heç bir ciddi anlaşılmazlıq olmadan başa çatdı. Bu, Azərbaycanın
qlobal tədbirlər üçün etibarlı ev sahibi olduğunu bir daha sübut
etdi.
Bu il Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbiri
isə problərlə yadda qaldı.

Təşkilatçılıq sahəsində üzə çıxan ciddi nöqsanlar, yüksək otel qiymətləri, infrastruktura dair çatışmazlıqlar və yanğınla bağlı təhlükəsizlik insidenti sammitin iş ritmini əhəmiyyətli dərəcədə ləngitdi. Xüsusilə maliyyə danışıqlarının dondurulması COP29-da müəyyən edilən illik ən azı 300 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin reallaşdırılmasında irəliləyiş əldə olunmaması COP30-a ən böyük zərbələrdən biri oldu.
Digər tərəfdən, bir çox ölkənin yeni milli iqlim öhdəliklərini
təqdim etməməsi həm diplomatik kompromis imkanlarını daraltdı, həm
də danışıqları qeyri-müəyyənlik içində saxladı. Bu, COP30-un yalnız
təşkilati deyil, həm də siyasi koordinasiya baxımından problemlərlə
üzləşdiyini göstərir.
Bu fərqin bir neçə əsas səbəbi var. Bakı logistika, təhlükəsizlik
və infrastruktur etibarlılığı ilə nümunə göstərdi, Beləm isə təməl
təşkilati məsələlərlə belə çətinlik yaşadı. Azərbaycan uzun
müddətli diplomatik işin nəticəsində mürəkkəb məsələləri
razılaşdırmağa nail oldu. Braziliya isə konsensus reallığı
yaratmaqda əhəmiyyətli boşluqlar göstərdi. COP29 maliyyə
təminatının konkretləşdirildiyi, COP30 isə bu təminatın “hansı
mexanizmlərlə həyata keçiriləcəyi” sualı ilə çıxılmaz vəziyyətə
düşən tədbir oldu. COP29 ölkələri yeni addımlara motivasiya etdi,
COP30 isə bu motivasiyanın davamlılığını təmin edə bilmədi.
COP29 ölkələr arasında etimadı gücləndirmişdisə, COP30 bu etimadın
qorunmasının nə qədər çətin olduğunu göstərdi. Bu, həm də onu sübut
edir ki, iqlim diplomatiyası yalnız qərarların miqdarı ilə deyil,
həm də onların icrası üçün yaradılan şəraitlə ölçülür. COP30-un
yaşadığı sınaqlar göstərir ki, COP29-da qurulan möhkəm baza real
mexanizmlərlə möhkəmləndirilməzsə, əldə olunan uğurların
davamlılığı riskə düşə bilər.
COP29 qlobal iqlim münasibətlərində zirvə nöqtəsi kimi tarixə düşdü. COP30 isə ardıcıl logistika, maliyyə və koordinasiya problemləri fonunda beynəlxalq ictimaiyyətdə suallar doğurur. Bu iki tədbir arasındakı kəskin fərq bir daha göstərir ki, uğurlu iqlim diplomatiyası yalnız siyasi iradə və ambisiyalarla deyil, həm də peşəkar təşkilatçılıq, inklüzivlik və vahid koordinasiya mühitinin qurulması ilə mümkün olur.
