Bakı. Trend:
Almaniya Baltik dənizini mümkün təxribatlardan qorumaq məqsədilə yeni nəsil yüksək texnologiyalı “Greyshark” dronlarını yerləşdirməyə hazırlaşır.
Trend-in "Bild"ə istinadən verdiyi məlumata görə, Almaniyada istehsal olunan bu dronlar bir sıra vacib funksiyaları yerinə yetirəcək.
Məlumata əsasən, “Greyshark” dronları:
- dənizdə patrul xidməti həyata keçirərək kritik infrastrukturu qoruyacaq;
- düşmənə məxsus kəşfiyyat aparatlarını aşkar edəcək;
- ətraf sularda müşahidə aparacaq.
Nəşr bildirir ki, dronun mini sualtı qayığı xatırladan quruluşu var və o, artıq dəniz sınaqlarından uğurla keçib.
Hidrogenlə işləyən dron həftələrlə yanacaq doldurmadan fəaliyyət göstərə bilir. Model müxtəlif variantlarda təqdim olunur. Məsələn, “Foxtrot” versiyası dörd aya qədər fasiləsiz işləyə və 10.000 dəniz milinə qədər məsafə qət edə bilər.
Dron 17 yüksək texnologiyalı sensorla təchiz edilib. Süni intellekt əsaslı proqram təminatı məlumatları real vaxtda emal edərək potensial düşmən hədəflərini müəyyənləşdirir.
Bu dronların seriyalı istehsalına gələn ilin əvvəlində başlanması mümkündür. İstehsalçı şirkət dronlara artıq sifarişlərin daxil olduğunu bildirib.
