Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 518,2 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Qeyd olunub ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 1,1% azdır.
Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,27%-i həcmində olub.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana 8,244 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 25,1% azdır.
Eyni zamanda hesabat dövründə İrandan Azərbaycana isə 509,9 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 0,6% azalma deməkdir. Bu göstərici ilə İran Azərbaycanın ən çox idxal əməliyyatları apardığı ölkələr siyahısında 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.
