Bakı. Trend:
Afrikanın ən çox əhalisi olan ölkəsi Nigeriyada silahlılar bir katolik məktəbinə basqın edərək 300-dən çox şagird və müəllimi oğurlayıb. Bu, ölkədə bir həftə ərzində baş verən ikinci kütləvi qaçırma hadisəsidir.
Trend xəbər verir ki, Nigeriya Xristianları Birliyinin açıqlamasına əsasən, ümumilikdə 303 şagird və 12 müəllim Saint Mary katolik məktəbindən qaçırılıb. Məlumata görə, oğurlananlar arasında qız şagirdlər də var.
Nigeriya polisi itkin düşənlərin tapılması üçün əməliyyatlara başlayıb, yaxınlıqdakı meşə massivləri axtarılır. Hadisədən sonra Nigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edərək təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.
Bir neçə gün əvvəl ölkənin şimal-qərbindəki Maqa vilayətində internat məktəbinə silahlı hücum zamanı 25 məktəbli qızın oğurlandığı bildirilmişdi.
Bu hadisələr ABŞ Prezidenti Donald Trampın xristianlara qarşı zorakılıqlara cavab olaraq Nigeriyanı hərbi müdaxilə ilə hədələdiyi bir dövrə təsadüf edir. Qeyd olunur ki, bu, son 11 ildə ən irimiqyaslı məktəbli qaçırılması hadisəsidir. Son böyük hücum 2014-cü ildə Boko Haram terror qruplaşmasının Borno vilayətindəki məktəbə hücumu zamanı qeydə alınmış, həmin vaxt 276 şagird oğurlanmışdı.
