Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında İran əleyhinə qətnamənin irəli sürülməsi vəziyyəti daha da mürəkkəbləşdirəcək.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (23 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Direktorlar Şurasının qətnaməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və BMT Təhlükəsizlik Şurasının prosedurlarına ziddir və problemi həll etməyəcək.
Bəqai bildirib ki, bu qətnamədə heç bir xoşməramlılıq yoxdur. Qətnamədə ABŞ və İsrailin İranın dincməqsədli nüvə obyektlərinə qarşı qanunsuz hücumlara heç bir münasibət bildirilməyib.
Qeyd edək ki, 20 noyabrda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında qəbul olunan qətnamədə İrandan 60%-lik zənginləşdirilən uran ehtiyatları haqda dəqiq məlumatları agentliyə verməsi, İranın nüvə obyektlərinə baxış keçirmək üçün şərait yaratması istənilib.
