Bakı. Trend:
“The Daily Mail” qəzetinin daxil olduğu “Daily Mail and General Trust” (DMGT) media qrupu “The Daily Telegraph” nəşriyyatının satın alınması ilə bağlı razılıq əldə edib.
Trend xəbər verir ki, bu barədə məlumatı “Financial Times” etibarlı mənbələrinə istinadən yayıb.
Məlumata görə, DMGT nəşriyyatı 650 milyon dollar müqabilində alacaq. “The Daily Telegraph” və “The Sunday Telegraph” qəzetlərinin sahibi olan “Telegraph Media Group”un satılması, DMGT-nin əsas səhmdarı, “The Daily Mail”in qurucusunun nəticəsi Conatan Harmsvortun uzunmüddətli arzusu olub.
Sövdələşmə Britaniyanın sağ-mərkəzçi media məkanında iki böyük nəşriyyatın birləşməsi deməkdir ki, bu da hazırkı Leyboristlər Partiyası hökumətində narahatlıq doğurur. Bununla belə, məlumatlara əsasən, hər iki qəzet öz redaksiya komandasını qoruyub saxlayacaq.
“The Daily Telegraph” 1855-ci ildə polkovnik Artur Sley tərəfindən təsis edilib. 2019-cu ildə qəzetin gündəlik tirajı təxminən 300 min nüsxə təşkil edirdisə, “Press Gazette”nin hesablamalarına görə, hazırda bu göstərici 150 min nüsxə civarındadır. Nəşr Barkli ailəsinin borcları səbəbindən 2023-cü ildə satışa çıxarılmışdı.
