Bakı. Trend:
Tayvan atmosferə daxil olan ballistik raketləri vurmaq gücündə olan zenit raket komplekslərini test edib.
Trend-in "Taipei Times" nəşrinə istinadla verdiyi xəbərə əsasən, sınaqlar Cunşan Elm və Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən Pindun dairəsində yerləşən Cüpen hərbi bazasının poliqonunda icra olunub.
Məlumata görə, aparılan sınaqların yeni "Qiqonq" raket proqramı ilə əlaqəli olduğu ehtimal edilir. Raketin sınaq uçuşu 30–48 km hündürlükdə həyata keçirilib ki, bu da ballistik hədəflərin atmosferə daxil olduğu anda vurulmasına şərait yaradır.
Qəzet yazır ki, "Qiqonq" proqramı çərçivəsində "TK-III" raketi əsasında uçuş məsafəsi artırılmış bir neçə yeni modifikasiya hazırlanır.
Gözləntilərə görə, "Qiqonq I" raketi ABŞ istehsalı "Patriot III" sistemindən daha yüksək hündürlükdə hədəfi məhv edə biləcək. "Qiqonq IIA" raketinin hədəfi vurma hündürlüyü 100 km səviyyəsində olacaq və bu göstərici ABŞ-nin yüksək hündürlüklü "THAAD" müdafiə sistemi ilə müqayisəyə uyğundur. "Qiqonq IIB" isə təxminən 1000 km uçuş məsafəsinə malik yeni nəsil "yer-yer" tipli ballistik raket kimi nəzərdə tutulur.