Bakı. Trend:
Avropa İttifaqından və ya ABŞ-dan heç kim gəlib Gürcüstanın maraqlarını müdafiə etməyəcək - bunu yalnız gürcü xalqı özü edə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bəyan edib.
“Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm - heç kim elə düşünməsin ki, bizim maraqlarımızı müdafiə etmək üçün kim isə Avropadan və ya Amerikadan bura gələcək. Hər kəsin öz marağı var, hamı öz ölkəsi barədə düşünür və təbii ki, biz gürcülər ilk növbədə öz ölkəmiz, xalqımız və gələcəyimiz haqqında düşünməliyik”, – deyə Kaladze jurnalistlərə bildirib.
O, Qərb ölkələrinin Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırmasından da söz açıb.
“Yadınızdadır, bizi necə tənqid edir, açıq şəkildə hədələyir, qətnamələr qəbul edir, sanksiya tətbiq etməyə çağırırdılar ki, bununla öz ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər vuraq, onlar isə bundan faydalansınlar. Bu, adi ikili standartlardır. Hamı öz marağından çıxış edir”, – deyə siyasətçi əlavə edib.
