...

İslam bankçılığı Azərbaycanda: yeni maliyyə modelinə doğru addımlar və gözlənilən təsirlər

İqtisadiyyat Materials 24 Noyabr 2025 13:00 (UTC +04:00)
İslam bankçılığı Azərbaycanda: yeni maliyyə modelinə doğru addımlar və gözlənilən təsirlər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan maliyyə sistemi uzun illərdir ki, rəqəmsal dəyişiklik, yeni tənzimləmə çərçivələri və inklüziv maliyyə siyasətləri ilə formalaşan yeni dövrə qədəm qoyub. Bu transformasiya fonunda ölkədə getdikcə daha çox müzakirə olunan bir istiqamət var: İslam bankçılığı. Faizsiz maliyyə modeli kimi tanınan bu sistem təkcə dini motivlərlə yox, iqtisadi məntiqi, risk bölgüsü və real sektorun inkişafına verdiyi dəstək baxımından da diqqət mərkəzindədir.

İllər əvvəl müzakirə səviyyəsində olan bu ideya artıq konkret hüquqi paketlər, tədqiqatlar və pilot mexanizmlərlə real mərhələyə keçir. Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq olunan “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na əsasən, Azərbaycanda İslam bankçılığı sisteminin yaradılması istiqamətində tədbirlər görülür. Mərkəzi Bankın son açıqlamaları, beynəlxalq reytinq agentliklərinin proqnozları və region ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycan yeni maliyyə fəlsəfəsinə doğru ciddi addımlar atmağa başlayıb.

Yeni maliyyə modeli niyə bu qədər aktualdır?

İslam bankçılığı dünya üzrə ən sürətlə böyüyən maliyyə sistemlərindən biridir. Malayziya, İndoneziya, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyə bu sahədə artıq illərlə formalaşmış ekosistemə malikdir. Bu modelin əsasında faiz qadağası, riskin bölüşdürülməsi, real sektorun maliyyələşdirilməsi və maliyyə ədalətinin gücləndirilməsi dayanır.

Əslində, onun populyarlığının səbəbi təkcə şəriət prinsiplərinə uyğunluğu deyil, daha önəmlisi, iqtisadiyyatı sabit və dayanıqlı böyütmək potensialıdır. Azərbaycanda isə bu model bir neçə baxımdan xüsusilə fərqləndirilir. Belə ki, ölkədə faizli kreditlərdən çəkinən geniş əhali seqmenti mövcuddur. Eyni zamanda kiçik və orta biznes subyektlərinin (KOB) maliyyələşməsində müəyyən dərəcədə çətinlik yaşandığından alternativ mexanizmlərə ehtiyac duyulur. Bununla yanaşı, artıq regionda İslam maliyyəsi üzrə liderlik üçün münbit şərait mövcuddur.

Bütün bu amillərin fonunda bank sektorunda yeni gəlir mənbələri və daha az spekulyativ fəaliyyət imkanları axtarılır. Bu səbəbdən İslam bankçılığı artıq təkcə nəzəri ideya deyil, real ehtiyaca çevrilməkdədir.

Azərbaycan Mərkəzi Bankı (AMB): “Əvvəl tələbi bilməliyik”

Mərkəzi Bankın sədri Taleh Kazımovun mövqeyi prosesin mahiyyətini çox dəqiq ifadə edir.

“Geniş miqyaslı model yaratmaq üçün tələbatın ölçülməsi vacibdir. Bu model, sadə dildə desək, tələsik tətbiq ediləcək sahə deyil”, - T. Kazımov vurğulayıb.

Onun sözlərinə görə, AMB-nin “İslam pəncərəsi” konsepsiyası da məhz bunun üçün hazırlanıb. Sədr vurğulayıb ki, ənənəvi bankların daxilində faizsiz maliyyə əməliyyatlarının sınaqdan keçirilməsi planlaşdırılır. O qeyd edib ki, bu, həm sektoru təlimləndirəcək, həm də bazarın real potensialını ortaya çıxaracaq.

“2022-ci ildə AMB-nin apardığı ilkin qiymətləndirmə göstərmişdi ki, İslam maliyyəsinə tələb təqribən 300 milyon manatlıq potensiala malikdir. Lakin bu rəqəm başlanğıc mərhələ üçün nəzərdə tutulan minimal həcmi əks etdirir. Əgər sistem düzgün işləsə, bu bazarın qat-qat böyüməsi qaçılmazdır, - AMB sədri bildirib.

Bu açıqlama, əslində, Azərbaycan bank sektorunun yeni mərhələnin astanasında olduğunu göstərir. Qlobal təcrübə sübut edir ki, İslam maliyyə sistemi sadəcə alternativ kredit modeli deyil, o, özündə daha şəffaf, risklərin bölüşdürüldüyü və sosial məsuliyyət elementlərini ehtiva edən tamamilə fərqli maliyyə fəlsəfəsidir.

Qanunvericilikdə müvafiq dəyişikiklər gözlənilir

İslam bankçılığının Azərbaycanda tətbiqi faktiki olaraq yeni bir maliyyə ekosistemi yaratmaq deməkdir. Bu, təkcə bank məhsullarının dəyişməsi ilə bitmir, ölkənin bank sektorunda müvafiq hüquqi arxitekturanın yenidən qurulmasını tələb edir. Məhz buna görə proses bir qərarla deyil, geniş islahat paketi ilə həyata keçirilir.

Bu gün müzakirə olunan dəyişiklər tək-tük maddələrin redaktəsi deyil, uzun illərdir işləyən qanunvericilik çərçivəsinin təməlinə toxunan addımlardır. Əsas səbəb isə sadədir: İslam maliyyə modeli ənənəvi faiz prinsipinə söykənmədiyinə görə, onun tətbiqi mövcud hüquqi mexanizmlərlə uyğunlaşmır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün Mülki Məcəllədən tutmuş Vergi Məcəlləsinə qədər geniş spektrdə dəyişikliklər qaçılmazdır.

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirovun sözlərinə görə, bu dəyişikliklərin hamısı 2025-ci ilin sonunadək hökumətə təqdim olunacaq.

“Ən vacib məsələlərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsi ilə bağlıdır. Əgər bu tətbiq olunarsa, faizsiz maliyyə modelləri iqtisadi cəhətdən rəqabətədavamlı olacaq”, - R. Tahirov vurğulayıb.

Rüstəm Tahirovun vurğuladığı ƏDV-dən azadolma məsələsi, əslində, bütün prosesin açar nöqtəsidir. Çünki İslam maliyyəsi, klassik kreditdən fərqli olaraq, çox vaxt ikiqat əməliyyat tələb edir: bank aktiv alır, sonra müştəriyə satır. Mövcud qanunvericilikdə bu əməliyyatlar vergitutma baxımından əlavə yük yaradır və modelin iqtisadi cəlbediciliyini azaldır. Əgər bu yük aradan qaldırılarsa, İslam bankçılığı yalnız ideoloji və ya dini tələbat üçün deyil, tam anlamı ilə real rəqabət aləti kimi bank sektorunda yer ala bilər.

Burada maraqlı bir məqam da diqqətdən qaçmamalıdır. Belə ki, hökumətin bu məsələyə bu qədər sistemli yanaşması göstərir ki, İslam maliyyəsi Azərbaycanda epizodik və ya lokal bir layihə kimi görülmür. Əksinə, dövlət bu modeli iqtisadiyyatın diversifikasiyası, yeni investisiya platformalarının yaradılması və maliyyə sabitliyinin möhkəmləndirilməsi üçün strateji bir fürsət kimi qiymətləndirir.

2025-ci ilin sonunadək təqdim ediləcək bu paket ölkənin maliyyə sistemində son illərin ən böyük hüquqi transformasiyası ola bilər. Bu dəyişikliklər baş tutarsa, Azərbaycan yalnız regionda deyil, daha geniş coğrafiyada İslam maliyyəsinin inkişafı üçün nümunəvi bir modelə çevrilə bilər.

2025-ci ildən mərhələli tətbiq: “İslam pəncərələri” praktikaya keçir

Sistemin ilkin formasının ənənəvi bankların daxilində fəaliyyət göstərən “İslam pəncərələri” olması təsadüfi deyil. Dünya təcrübəsində də tətbiq adətən bu modeldən başlayır. Bu mərhələnin isə üç əsas məqsədi var: müştərilərə faizsiz məhsulları tanıtmaq; bank sektorunda metodoloji və əməliyyat bacarıqlarını formalaşdırmaq; real tələbatın ölçülməsi və statistik baza yaratmaq

Dünya təcrübəsinə baxsaq, Pakistan və Türkiyə kimi ölkələrin mərkəzi banklarının bu hazırlıq prosesinə bilavasitə dəstək verdiyini söyləyə bilərik.

Moody’s: “Azərbaycan üçün müsbət kredit effekti yaranacaq”

Beynəlxalq reytinq agentliyi "Moody’s" yeni sistemin banklar üçün yeni gəlir mənbələri yaradacağını vurğulayır.

“Xüsusilə İslam maliyyəsi fondlarından vəsait cəlbi asanlaşacaq, sukuk emissiyası sayəsində uzunmüddətli, sabit maliyyələşmə mümkün olacaq, bank sektorunun likvidliyi güclənəcək”, - qurum qeyd edib.

"Moody’s"in ən diqqətçəkən qeydi isə budur: “Azərbaycanda əhalinin böyük qisminin müsəlman olması potensialın çox böyük olduğuna işarə edir, amma normativ boşluqlar səbəbindən bu potensial hələ reallaşmayıb”.

Kiçik və orta biznes (KOB) üçün yeni nəfəs

Azərbaycan biznes sektorunda KOB-lar həm iqtisadi strukturda, həm də məşğulluqda böyük paya sahibdir. Lakin onların maliyyələşməsində hələ də müəyyən qədər çətinliklər mövcuddur. İslam maliyyəsinin müüvafiq risk bölüşdürən alətləri KOB-lar üçün daha ədalətli və şəffaf maliyyə imkanları yarada bilər. Bu, həm sahibkarlığın genişlənməsi, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir.

Müşahidələr göstərir ki, Azərbaycan İslam bankçılığına keçiddə tələsik qərarlar vermir, məhz düzgün olan da budur. Ölkə hazırda üç strateji istiqamətdə addımlayır: tələbatın real qiymətləndirilməsi (yəni hansı məhsullara ehtiyac var?); hüquqi çərçivənin yenilənməsi (yəni modelin bazası olmasa, tətbiq mümkün deyil); bank sektorunun təlimi və mərhələli uyğunlaşması (yəni risklər düzgün idarə olunmalıdır).

Ümumilikdə, bu yanaşma prosesin davamlı və uzunmüddətli olacağını göstərir. Yəni məqsəd yalnız yeni məhsul yaratmaq deyil, ölkədə tamamilə yeni maliyyə ideologiyası formalaşdırmaqdır.

Nəticə etibarilə qeyd edə bilərik ki, İslam bankçılığı mümkün yeni iqtisadi mərhələnin əsas sütunlarından biri ola bilər. Potensial böyükdür, hazırlıq isə realdır. Əgər qanunvericilik paketləri qəbul olunarsa və “İslam pəncərələri” uğurlu nəticə versə, 2025–2026-cı illər Azərbaycanın maliyyə tarixində yeni mərhələnin başlanğıcı kimi kimi yadda qala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti