...

Çin və Yaponiya arasında diplomatik gərginlik fonunda 12 istiqamətdə aviareyslər dayandırılıb

Dünya xəbərləri Materials 24 Noyabr 2025 12:19 (UTC +04:00)

Bakı. Trend:

Rəsmi Pekin və Tokyo arasında yaşanan diplomatik gərginlik fonunda Yaponiya və Çin arasında 12 istiqamətdə hava marşrutları üzrə uçuşlar dayandırılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ləğv edilən istiqamətlər arasında Çindən Yaponiyanın Naqoya, Fukuoka, Sapporo və Osaka kimi şəhərlərinə uçuşlar yer alır. Digər yandan bir çox marşrutlarda ləğv edilən reyslərin sayı artır. Məsələn, Tyanjindən Osakanın yaxınlığındakı Kansai hava limanına olan aviamarşrut üzrə planlaşdırılmış reyslərin 65 faizi, Nankindən Kansaia olan uçuşların 59,4 faizi, Quanço istiqamətində isə 31,3 faizi ləğv edilib.

Bundan əvvəl Yaponiya baş naziri Sanae Takaiti parlamentdə keçirilən debatlar zamanı bildirmişdi ki, Tayvanda mümkün hərbi böhran “ekzistensial təhlükə” yaradır və bu, Yaponiyanı “kollektiv özünümüdafiə hüququndan” istifadəyə məcbur edə bilər.

Bu açıqlama Pekinin ciddi narazılığına səbəb olub və Çin Tokioya sərt etirazını bildirib. Çinin Osakadakı baş konsulu Syue Tsyan sosial şəbəkədəki səhifəsində Yaponiya Baş nazirini “başını kəsməklə” hədələyib, lakin həmin paylaşım sonradan silinib. Daha sonra Çin Xarici İşlər Nazirliyi həmvətənlərini Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti