Bakı. Trend:
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə qarşılıqlı əməkdaşlıq etməsində vasitəçiyə ehtiyacı yoxdur.
Trend-in məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın Vyana şəhərində nümayəndəsi fəaliyyət göstərir, İran AEBA-ya üzv ölkədir. İran öz mövqeyini açıq şəkildə bəyan edir. AEBA rəsmiləri ilə dialoqda İran öz mövqeyini bəyan edir və Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvü olduğuna görə, özünü öhdəlikli hesab edir.
Bəqai bildirib ki, ABŞ və İsrail İranın nüvə obyektlərinə hücum etməklə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlıq prosesində problem yaratdılar.
İran və ABŞ arasında vasitəçilik və İran və AEBA arasında hazırkı dalandan keçmək üçün növbəti müzakirəyə dair agentliyin baş direktoru Rafael Qrossinin açıqlamasına münasibət bildirən İran XİN rəsmisi əlavə edib ki, İran və AEBA arasında dalan yoxdur. İran AEBA-nın üzvü olaraq tələbi olan ölkədir. İranın gözləntisi budur ki, Agentliyin direktorları öz texniki məsuliyyətlərinə riayət edə və təzyiqlərin agentliyi öz peşəkar istiqamətindən uzaqlaşdırmasına imkan verməyə bilərlər.
“İran hazırda Nüvə Silahlarının Yayılmamasına dair Saziş və İran parlamentinin qanunu çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı davam etdirir. Agentliklə dialoqlar bu çərçivədə planlaşdırılacaq. Lakin unutmaq olmaz ki, Avropa üçlüyünün İran əleyhinə qarşılıqlı addımı öz mənfi nəticələrini göstərir. Bu mənfi nəticələrdən biri Qahirədə İran və AEBA arasında əldə olunan razılaşmanın qüvvədən düşməsi idi”, - deyə o qeyd edib.
Əlavə edək ki, 11 sentyabrda İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Misir paytaxtı Qahirədə qarşılıqlı əlaqələri bərpa etmək və Tehranın nüvə obyektlərində bütün yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar barədə razılığa gəliblər.
Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının digər qətnamələrini bərpa edib.
Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.
