Şuşa. Trend:
Regional çağırışların artdığı bir dövrdə Azərbaycan–Türkiyə münasibətlərinin hərbi istiqamətdə daha da güclənməsi xüsusi önəm daşıyır. İki ölkə arasındakı əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, təhlükəsizlik və müdafiə sahəsində də nümunəvi model yaradıb.
Trend-in bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı bildirib.
"Azərbaycanın və Türkiyənin münasibətləri klassik beynəlxalq qonşuluq çərçivələrinin fövqünə çıxıb, dostluq və qardaşlıq prinsipləri formalaşıb. Bu ideyanın təməli Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” ifadəsi və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisləri ilə möhkəmlənib.
Yaxın Şərq, Sudandakı qarşıdurmalar, Ukrayna müharibəsi kimi qlobal gərginliklər fonunda Türkiyənin müdafiə sənayesinin güclənməsi və müasir silah sistemlərinin inkişaf etdirilməsi bölgə üçün önəmli amilə çevrilib. Türk SİHA-larının bir çox münaqişə bölgəsində səmərəli şəkildə istifadə olunması bu sahədə Türkiyənin qlobal mövqeyini daha da artırıb. Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurların əsas səbəblərindən biri silah və hərbi texnika baxımından xarici asılılığı minimuma endirmək siyasətidir. 1974-cü ildə Kipr əməliyyatından sonra tətbiq edilən embarqolar və digər məhdudiyyətlər Türkiyənin milli müdafiə sənayesinin gücləndirilməsi istiqamətində dönüş nöqtəsi olub.
Bəzi dairələrin Azərbaycan–Türkiyə münasibətlərinə fərqli yanaşmaları olsa da, iki ölkənin möhkəm əməkdaşlığı regionda sabitlik üçün müsbət nümunədir. Türkiyənin Suriya və İraqa həyata keçirdiyi əməliyyatlar da bu hərbi və təhlükəsizlik modelinin genişmiqyaslı tətbiqi kimi dəyərləndirilir. hər iki ölkənin müdafiə qabiliyyəti durmadan artır və bu proses tarixi bağlar, ortaq dəyərlər və güclü siyasi iradə ilə dəstəklənir", - Əsma Özdaşlı qeyd edib.
