Bakı. Trend:
Şəkərli diabet bir çox ciddi xəstəliyin meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir.
Trend xəbər verir ki, Şəkərli diabetin yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva aydınlıq gətirir.
- Aygün xanım, ilk öncə bilmək istərdik ki, şəkərli diabet nədir?
- Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas
göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hansısa
səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın
insulinə qarşı rezistent hala gəlməsidir.
Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən
35-40 yaşdan sonra ortaya çıxan Tip 2 diabetdir. Bu tip diabet
zamanı mədəaltı vəzində yetərincə insulin ifraz oldunduğu halda
hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən
insulin hormonuna qarşı həssaslıq itir.
Bu zaman şəkər (qlükoza), insulin tərəfindən hüceyrələrə daşına
bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət
ağız quruması, çəki itkisi, çox su içmək və çox yemək yemə kimi
simptomlarla təzahür edir.
- Doktor, şəkər xəstəliyi nədən yaranır?
- Şəkər xəstəliyinin yaranma səbəbləri növündən asılı olaraq
dəyişir. Tip 1 diabetin dəqiq səbəbləri tam bilinməsə də, onun
əsasən autoimmun xəstəlik olduğu düşünülür. Tip 2 diabet əsasən
həyat tərzi və genetik faktorlarla, artıq çəki və piylənmə, streslə
əlaqədardır.
Diabet, bədənin karbohidratları şəkərə (qlükozaya) çevirməsi və ya
bu şəkərin qanda yüksək qalması nəticəsində yaranır. Bu, insulinin
ya istehsal edilməməsi, ya da düzgün işləməməsi səbəbindən baş
verir. İnsulinin vəzifəsi, qlükozanı hüceyrələrə daxil edərək
enerji üçün istifadə etməyə kömək etməkdir.
Bədən hüceyrələri insulinə düzgün cavab vermədikdə (insulininə
davamlılıq), insulin şəkəri hüceyrələrə daxil edə bilmir və
nəticədə qan şəkəri yüksəlir. Bu vəziyyət, karbohidrat, zülal və
yağ mübadiləsində pozğunluğa səbəb olur və qanda qlükozanın yüksək
səviyyədə qalması ilə özünü göstərir.
- Fiziki aktiv həyat tərzi ilə diabetin qarşısını almaq mümkündürmü?
- Şəkərli diabet riskiniz varsa, onun qarşısını ala bilərsiniz.
Belə ki, şəkər xəstəliyinin idarə olunmasında müntəzəm fiziki
aktivlik mühüm rol oynayır. Gündəlik məşqlər bədənin insulinə
həssaslığını artıraraq qan şəkərin səviyyəsini stabilləşdirir.
Həftənin 5 günü, gündə ən azı 30 dəqiqə idman və ya fiziki
fəaliyyətlə məşğul olmağa çalışın. Gəzinti, üzgüçülük və ya yüngül
idman növləri şəkər xəstələri üçün tam uyğundur.
Həmçinin, çəkiyə nəzarət diabetin qarşısının alınmasının vacib
hissəsidir. Belə ki, sağlam qidalanma planına əməl etmək, hər gün
qəbul etdiyiniz kalorilərin miqdarını azaltmaq olduqca vacibdir.
Bundan əlavə, rasionunuza çoxlu miqdarda tərəvəz və meyvə, tam
taxıllı, paxlalı bitkiləri daxil etmək, eyni zamanda qırmızı ət
istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.
- Həmçinin bilmək istərdik ki, qan şəkərinin norması hansı aralıqda olmalıdır?
- Xəstəliyin diaqnozunu qoymaq üçün qan şəkərini səviyyəsini
ölçmək əsas üsullardan biridir. Normal qan şəkəri-100 mq\dl.100-125
mq\dl arasında şəkər önü vəziyyət olur. 126 mq\dl yuxarı şəkərli
diabetin göstəricisidir. Bundan başqa HB1AC (qlikohemoqlobin) testi
son 3 ay ərzində qanda şəkərin orta səviyyəsini göstərən bir
analizidir. Bu test daha dəqiq məlumat verir və diabetin ilkin
mərhələsində istifadə olunur. HB1AC səviyyəsi normal orqanizmdə
5.6%-dir. HB1AC 5.7-6.4 % gizli şəkərin 6.5% və ondan yuxarı olması
diabet diaqnozu üçün əsasdır.
Bəzi hallarda şəkər yükü testi (OGTT) tətbiq olunur. Test zamanı
xəstəyə müəyyən miqdarda şəkər məhlulu içirdikdən sonra qan şəkərin
səviyyələri ölçülür. Bu üsul xüsusən hestasion şəkərli diabetdə
effektlidir.
- Qadınlarda və kişilərdə diabet fərqli şəkildə özünü göstərə bilərmi?
- Qadınlarda və kişilərdə diabet formaları eynidir. Lakin bəzi
spesifik fərqlər mövcuddur. Qadınlarda hamiləlik diabeti,
polikistik yumurtalıq sindromu, vaginal infeksiyalar, kişilərdə isə
erektil disfunksiyası, testosteron səviyyəsi, prostat problemləri
kimi spesifik fəsadlara daha çox rast gəlinir.
Hər iki cinsdə müntəzəm qan şəkəri monitorinqi və həyat tərzi
dəyişikliklər vacibdir.
- Hamiləlik zamanı yaranan diabet doğuşdan sonra keçirmi?
- Hamiləlikdə yaranan diabet, hamiləlik zamanı ortaya çıxan və
adətən doğuşdan sonra keçən bir şəkər xəstəliyidir. Bu vəziyyət ana
və körpə üçün müəyyən risklər yaradır. Lakin sağlam həyat tərzi,
düzgün qidalanma və həkim nəzarəti ilə idarə oluna bilər.
Hamiləliyin ikinci trimestrində bu diaqnozu yoxlamaq üçün testlər
aparılır.
Piylənmə, fiziki passivlik, nəzarətsiz karbohidrat istehlakı,
doymuş və trans yağ turşuları, emal edilmiş məhsulların həddən
artıq istehlakı hamiləlikdə şəkəri yüksəldən əsas səbəbləridir.
Bununla bərabər, genetik və ətraf mühit amillərinin də hamiləlikdə
şəkərin yaranmasında təsirləri var.
Hamiləlik planlaşdıran qadınların hamiləlik öncəsi bədən çəkisinin
optimal aralıqda olmasına və hamiləlik dövründə artıq çəki artımı
olmamasına diqqət edilməsi tövsiyə olunur.
Hestasion diabet adətən hamiləliyin 24-cü həftəsində inkişaf edir.
Hamiləliyin 24-cü və 28-ci həftələri arasında hamiləlik şəkər testi
edilməsi son dərəcə vacibdir. Ana və körpənin sağlamlığını qorumaq
məqsədi ilə hamiləlik şəkəri testi etdirilməsi tövsiyə edilir.
Hamilənin özündə və ya ailə tarixçəsində tip 1 və tip 2 diabet
varsa, hamiləliyin erkən dövrlərində həkim nəzarətində irəliləməsi
təmin edilməlidir.
