Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlılıq gündəliyi daxilində bir neçə strateji fəaliyyət istiqaməti müəyyən edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun “Central Banking” onlayn jurnalında “COP29-dan sonrakı dövrdə dayanıqlılığın təşviqi” mövzusunda dərc olunmuş məqaləsində bildirilib.
Qeyd edilib ki, həmin strateji fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
Azərbaycan maliyyə sektorunda institusional potensialın gücləndirilməsi və möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini təşviq etmək;
Ətraf mühitə yararlı layihələri maliyyələşdirmək, dayanıqlı dövlət və özəl investisiyaları dəstəkləmək üçün suveren yaşıl istiqrazlar və yaşıl sığorta kimi yaşıl maliyyə məhsullarını yeniliklər gətirmək və inkişaf etdirmək;
Şəffaflığı artırmaq, ekoloji, sosial və idarəetmə (ESİ) hesabatlılığını təmin etmək və investor inamını gücləndirmək məqsədilə hərtərəfli dayanıqlılıq hesabatlılığı çərçivəsini tətbiq etmək;
ESİ mülahizə və iqlim riskləri amillərini bank tənzimləməsi çərçivəsinə inteqrasiya etmək, sistematik risklərin identifikasiyasını və idarə olunmasını asanlaşdırmaq üçün “ESİ risk radarı” kimi qabaqcıl alətləri tətbiq etmək;
İqlim risklərinin effektiv təhlilini təşviq etmək məqsədilə qurumlar və ölkələr arasında əməkdaşlığı genişləndirmək. İqlim dəyişikliyinin yaratdığı çağırışlar qlobal xarakter daşıyır və çoxşaxəli yanaşma tələb edir. Məlumat mübadiləsi və birgə fəaliyyət sadəcə faydalı deyil, həm də zərurətdir.
“AMB dayanıqlı maliyyə sisteminin inkişafında aparıcı rol oynamaqda tam qərarlıdır. AMB təşəbbüsləri, güclü tərəfdaşlıqları və dayanıqlılığa bağlılığı ilə təkcə yaşıl transformasiyaya töhfə verməyi deyil, həm də qlobal iqlim fəaliyyəti səylərini dəstəkləməyi və inkişaf etdirməyi hədəfləyir. AMB yaşıl maliyyə sahəsində innovasiyaları təşviq etməj, iqlim dəyişikliyinin yaratdığı sistem risklərini mitiqasiya etmək və iqtisadi rifahla ekoloji dayanıqlığın birgə mövcud olduğu gələcək yaratmaqda qərarlıdır”, - məqalədə vurğulanıb.
