Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Hərbi Dəniz Qüvvələrində (HDQ) silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olan vətəndaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixində imzaladığı Sərəncamla 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyəti barədə danışıblar. Bu Sərəncamın hüquqi, siyasi və ictimai baxımdan böyük əhəmiyyət daşıdığı və ölkəmizin inkişafında həlledici rol oynadığı vurğulanıb.
Silsilə tədbirlərdə, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, Qələbənin qazanılmasında xalqımızın əvəzsiz rolundan, igid oğullarımızın şücaətlərindən söz açılıb, şəhidlərimizin xatirəsinin daim yaşayacağı əminliklə bildirilib. Azad edilmiş torpaqlarımızda görülmüş abadlıq-quruculuq işlərinin və Böyük Qayıdışın dövlətimizin və xalqımızın Vətən torpaqlarına verdiyi dəyərin göstəricisi olduğu diqqətə çatdırılıb.
