...

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib

Gündəm Materials 24 Noyabr 2025 17:22 (UTC +04:00)
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

24 noyabr 2025-ci il tarixində Paris şəhərində Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin üzvü seçilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5 ölkə mübarizə aparıb.

Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.

21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir.

Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır.

Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.

Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib.

2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib.

Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə qalibiyyəti ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti