Bakı. Trend:
Marneulidə ilin yekununa həsr olunan genişmiqyaslı peşəkar idman yarışı uğurla başa çatıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Marneulidəki Azərbaycan Evinin dəstəyi, “Qafqaz Arena”nın təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən 30-a yaxın peşəkar idmançı iştirak edib.
Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən “Qafqaz Arena”nın rəhbəri Yavər Məmmədov, məşqçi İbrahim Məmmədov, Avropa və dünya çempionu Alim Nəbiyev və digərləri yarışın əsas məqsədinin gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idmançılar arasında rəqabət mühitinin gücləndirilməsi olduğunu diqqətə çatdırıblar.
Yarışlar idmanın 4 növü – Kinqboksinq, MMA, Boks və Maytay (Tayland boksu) üzrə təşkil edilib. Azərbaycan, Türkiyə, İran və Gürcüstanın müxtəlif bölgələrindən qatılan idmançılar yaradılan yüksək şərait və peşəkar təşkilatçılığa görə təşəkkürlərini bildiriblər. Onlar bu cür yarışların regionda idmanın inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Azərbaycan Evinin rəhbəri Məhəbbət İmanov çıxışında yarışların komitənin tərəfindən dəstəkləndiyini qeyd edib. Azərbaycan Evinin də yüksək səviyyəli idman turnirlərinin keçirilməsinə hər zaman təşkilati dəstək göstərdiyini söyləyib. O həmçinin qeyd edib ki, Azərbaycan Evinin arenası beynəlxalq standartlara cavab verdiyi üçün burada həm müxtəlif idman növləri üzrə Gürcüstan çempionatları, həm də beynəlxalq turnirlər keçirilir.
Yarışın sonunda qalib idmançılar kuboklarla təltif olunublar.
