...

Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2025 09:59 (UTC +04:00)
Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

bp bu gün Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş bir sosial investisiya layihəsinin ikinci mərhələsinin uğurla tamamlandığını elan edib.

Layihə LANDAU Educational Technologies MMC ilə əməkdaşlıqda həyata keçirilib. Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri üçün yararlıdır.

Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq geniş əhatəli yeni öyrənmə materialları təqdim edir, o cümlədən 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu; imtahana hazırlıq üçün 14000 sualdan ibarət sual bankı; imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu; dərs tədris prosesində müəllimlərə kömək məqsədi ilə hazırlanmış təqdimatlar və iş vərəqləri; həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma.

Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə, həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10000 şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

“Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq. Bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik.”

Layihənin ikinci mərhələsinin ümumi dəyəri təxminən 307500 AZN (180882 ABŞ dolları) təşkil edib. Bunun 200000 AZN-ni (117647 ABŞ dolları) bp və onun tərəfdaşları, qalanını isə LANDAU Educational Technologies MMC ödəyib.

Müddəti bir il olan layihənin icraçısı Aspire Learning App kimi tanınan LANDAU Educational Technologies MMC-dir.

Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app. vebsaytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti