...

Xəzər regionunda yeni resursların kəşfi üçün imkanlar böyükdür - Vladimir Roqov

Cəmiyyət Materials 25 Noyabr 2025 10:47 (UTC +04:00)
Xəzər regionunda yeni resursların kəşfi üçün imkanlar böyükdür - Vladimir Roqov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər regionunda yeni resursların kəşfi üçün imkanlar böyükdür.

Trend xəbər verir ki, bunu BCG Azərbaycanın İdarəedici direktoru və tərəfdaşı Vladimir Roqov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, son beş ildə paralel olaraq baş verən proseslərə nəzər saldıqda, sənayenin istiqamətinin dəyişdiyi görünür:

"Şirkətlər prioritetlərini dəyişərək səhmdarların gəlir ödənişlərinə üstünlük verməyə, reinvestisiya səviyyəsini isə azaltmağa başladılar. Bu ödənişləri davamlı saxlamaq zərurəti CAPEX xərclərinə əlavə təzyiq yaradır və nəticədə kapital qoyuluşu uğrunda rəqabəti daha da gücləndirir. Buna görə də, əgər Xəzər regionu bu investisiyaları cəlb etmək istəyirsə, biz həmin kapitalın digər coğrafiyalara deyil, məhz buraya yönəlməsi üçün uyğun şərait yaratmalıyıq. Enerji keçidi fonunda investorların gözləntiləri də dəyişib: maneə faizləri (hurdle rates) yüksəlir, investisiyalar əvvəlki onilliklərlə müqayisədə daha yüksək risk kimi qiymətləndirilir və investorlar həm daha sürətli, həm daha yüksək gəlir tələb edirlər. Bu isə layihələrə əlavə təzyiq göstərir və daha müasir texnologiyaların tətbiqini, həmçinin bütün ekosistemin daha böyük səylə prosesə cəlb olunmasını tələb edir.

Çünki digər regionlardan fərqli olaraq, Xəzər hövzəsində investisiya aktivliyi bu onilliyin əvvəlindən etibarən nisbətən zəifləyib. Halbuki əvvəlki onillikdə regionun payına digər bölgələrlə müqayisədə daha yüksək həcmdə CAPEX düşürdü. Bu onillikdə isə həm Qazaxıstanda, həm də Azərbaycanda böyük layihələr əsasən tamamlanaraq hasilat mərhələsinə keçdiyi üçün investisiya səviyyəsi azalıb. Hazırda investisiyalar əvvəlki dövrə nisbətən təxminən 50% aşağıdır və mövcud planlara əsasən növbəti onillikdə də daha aşağı səviyyədə qala bilər".

O bildirib ki, beft ehtiyatları dünya üzrə yalnız 2% təşkil etsə də, qlobal qaz ehtiyatlarının 10%-i məhz bu regiondadır:

"Region həm Avropa, həm də Asiya ilə birləşdirən infrastrukturla təchiz olunub. Dünyanın demək olar ki, bütün böyük şirkətləri üçün ən strateji layihələr məhz burada yerləşir. Azərbaycanda BP, Xəzərin digər sahillərində Chevron, Exxon, Shell, Eni və digər iri şirkətlərin iştirakı ilə həyata keçirilən layihələr onların portfellərində ən iri aktivlər sırasındadır".

V. Roqov vurğulayıb ki, yeni resursların kəşfi üçün imkanlar böyükdür:

"Keçmişdə geoloji-kəşfiyyat (exploration) xərcləri kifayət qədər aşağı idi, ona görə də hələ çox potensial araşdırılmamış olaraq qalır. Son illərdə həm Azərbaycanda, həm də Xəzərin digər ərazilərində kəşfiyyat işlərinin aktivləşməsi, habelə imzalanan yeni Anlaşma Memorandumları bunu bir daha təsdiqləyir. Eyni zamanda Babək Məlimin qeyd etdiyi kimi, artıq 80 ilə yaxındır işlədilən yataqların bərpası üçün də böyük imkanlar mövcuddur. Çünki bu yataqlarda hasilat əmsalları hələ də aşağıdır və yerin altında kifayət qədər böyük neft-qaz ehtiyatı qalır. Dünyanın müxtəlif regionlarında geniş tətbiq olunan texnologiyaların bir çoxu burada hələ də sınaq mərhələsindədir və geniş miqyasda tətbiq edilmir. Məsələn, geniş istifadə olunan Enhanced Oil Recovery (EOR) metodları bizdə tam tətbiq olunmayıb.

Bu kontekstdə bugünkü panelin bizə Xəzər regionunda çalışan aparıcı şirkətlərin mövcud imkanlar, çətin hasil olunan ehtiyatların açılması və regiondakı geosiyasi-iqtisadi mühit fonunda bu imkanlardan necə istifadə etməyi planlaşdırdıqları barədə əhəmiyyətli baxış təqdim edəcəyini düşünürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti