Bakı. Trend:
Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 5-ci ili tamam olur. 2020-ci il noyabr ayının 25-də Kəlbəcərin ordumuzun nəzarətinə keçməsi Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin siyasi müstəvidə öz təsdiqini tapan növbəti uğuru oldu. Beləliklə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qətiyyətinin nəticəsi olaraq, 5 il əvvəl 25 noyabr tarixində daha bir rayonumuz azadlığına qovuşdu.
Dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə və zəngin mədəni irsə malik olan, hər tərəfindən gursulu çaylar axan Kəlbəcər xalqımızın qədim yurd yerlərindən biridir. “Kəlbəcər” toponiminin də mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Rayon ərazisində aşkar edilmiş 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, o cümlədən, qədim türk əlifbası nümunələri bu diyarın xalqımızın qədim və əzəli yurd yeri olduğunu təsdiq edir.
Azərbaycana rəhbərlik edən qüvvələrin yarıtmaz əməlləri, yaratdıqları böhranlı vəziyyət nəticə etibarilə Kəlbəcəri də düşmən qarşısında müdafiəsiz qoymuşdu. Prezident İlham Əliyevin bu ilin avqust ayında Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə qeyd etdiyi kimi Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz o vaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olub. Laçın rayonundan sonra Kəlbəcərin də işğal edilməsi Ermənistanla Qarabağ arasında coğrafi bağlantını daha gücləndirmişdi. Bundan sonra Ermənistanla Qarabağ arasında əlaqə yollarının sayı artmış və bu da, düşmənə sonrakı işğalçılıq planlarını həyata keçirmək üçün əlavə imkanlar yaratmışdı.
Kəlbəcərin işğalı zamanı 511 nəfər mülki vətəndaşımız öldürüldü, 321 nəfər əsir götürüldü və ya itkin düşdü. Məcburi köçkünə çevrilən rayon sakinləri respublikanın 56 rayonunda müvəqqəti məskunlaşdılar. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidə, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı.
Ermənistanın Kəlbəcəri işğal etməsi beynəlxalq səviyyədə narahatlıqla qarşılanmışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal edilmiş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin Ermənistan həmin Qətnamənini tələblərini yeriə yetirmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər.
İşğal dövründə Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma həyata keçirmişdi. Hətta ermənilər Kəlbəcərin tarixi erməni torpağı olması iddiasına düşmüş, rayona eybəcər ad da vermişdilər. Lakin kəlbəcərlilər və bütün xalqımız rayonun işğaldan azad ediləcəyinə inanırdı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrında bu inamın həyata vəsiqə almasını təmin etdi. Üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Kəlbəcər rayonunu da işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa edildi.
Onu da qeyd edək ki, Kəlbəcəri boşaldan zaman ermənilər bir daha rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran qeyri-qanuni sakinlər öz vəhşi xislətlərini növbəti dəfə nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünyaya nümayiş etdirdi.
2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması münasibətilə Azərbaycan xalqına müraciətində cənab Prezident İlham Əliyev demişdi:
"Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini".
Dövlətimizin başçısı işğaldan azad olunmasından sonra Kəlbəcərə 7 dəfə səfər edib. Bu səfərlərin hər biri göstərib ki, rayondakı bərpa və quruculuq sürətli və dinamikdir. Ötən 5 ildə Kəlbəcərin bərpası istiqamətində görülən işlər həqiqətən də möhtəşəmdir. Burada da bərpa və quruculuq infrastrukturlardan başlayıb. Nəzərə almalıyıq ki, Kəlbəcər olduqca çətin və mürəkkəb təbii relyefdə yerləşir. Soyuq havalarda isə dağlıq ərazidə işlərin həyata keçirilməsi daha da çətinləşir. Amma bunların heç biri ötən dövrdə bərpa prosesini ləngitməyib. Xüsusilə qeyd edilməlidir ki, hələ 2020-ci ilin sonlarına doğru, havaların soyuq və şaxtalı olduğu günlərdə Kəlbəcərə enerji verilməsi mühüm hadisəyə çevrildi.
Kəlbəcərdəki dağ çayları yaşıl və bərpaolunan enerji istehsalı üçün əlverişli imkanlar deməkdir. Ona görə bərpa prosesində ilk vaxtlardan diqqət yetirilən əsas məsələlərdən biri su elektrik stansiyalarının yaradılmasıdır. İndiyə kimi “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Yuxarı Vəng”, “Zar”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” su elektrik stansiyaları istifadəyə verilib ki, bu da rayonun elektrik enerjisi ilə təminatında böyük rol oynayır.
Quruculuq işlərinin əsas istiqamətlərindən birini avtomobil yollarının inşası təşkil edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə icra edilən ən nəhəng layihələrdən biri 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Buradakı 11,7 km-lik Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tikintisinin 87 faizi tamamlanan yolun istifadəyə verilməsi Kəlbəcərin sosial-iqtisadi inkişafına, rayonun turizm məkanına çevrilməsinə böyük töhfə verəcək.
Kəlbəcər vaxtilə bütün keçmiş ittifaqda məşhur olmuş «İstisu» mineral suyunun vətənidir. İşğal dövründə ermənilər bu təbii sərvəti qanunsuz şəkildə istismar edərək, Azərbaycana yüz milyonlarla manat ziyan vurublar. Dövlətimizin quruculuq əzminin nəticəsi olaraq, 2024-cü ilin sentyabr ayından Kəlbəcərdə “İstisu” mineral su zavodu da istifadəyə verilib.
Rayonun bərpasının əsas uğurlu göstəricilərindən biri isə kəlbəcərlilərin doğma yurda qayıtmalarıdır. Bu ilin avqust ayında cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində inşa edilən fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, doğma yurda qayıdan sakinlərə mənzillərinin açarlarını təqdim edib. Həmçinin, rayonun Yanşaq, Zallar və Zar kəndlərinin təməlləri qoyulub.
Kəlbəcərdəki bərpa işləri Azərbaycanın quruculuq əzminin ən möhtəşəm ifadəsidir. Çətin və mürəkkəb relyefinə baxmayaraq, cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında dövlətimiz dağlar qoynunda cənnət yaradır. Kəlbəcərin quruculuğu həm də belə bir həqiqəti təsdiq edir ki, torpağın qədrini onun əsl sahibləri bilər.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı