Bakı. Trend:
AÇG-də texnoloji həllərin tətbiqi həyati zərurətə çevrilib.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.
Onun sözlərinə görə, Azəri–Çıraq–Günəşli (AÇG) dünya səviyyəli nəhəng yataqlardan biridir, 8–9 milyard barel neft ehtiyatı var:
"Təsəvvür edin ki, Aya çıxıb Yer kürəsinə baxırsınız və özünüzə sual verirsiniz: dünyanın ən iri karbohidrogen ehtiyatları haradadır? Xəzər və AÇG həmin mərkəzlərdən biridir. Bu qədər böyük ehtiyatı 60-80 faiz yerin altında qoymaq həm iqtisadi, həm də strateji baxımdan qəbuledilməzdir. Lakin 10 il əvvəl, hətta 5 il əvvəl 20-30 min barel hasil edən quyuları qazırdıqsa, bu gün yeni quyular 2–3 min barel verir. Quyular kiçilir, quruluşu inanılmaz dərəcədə mürəkkəbləşir. Geologiya da çətinləşir. Bu isə o deməkdir ki, biz texnologiyaya ciddi şəkildə ehtiyac duyuruq".
O vurğulayıb ki, texnologiya və innovasiya bu yataqlardan resursları hasil edib Avropaya və digər bazarlara çatdırmaq üçün həyati əhəmiyyət daşıyır:
"Texnologiya bir zərurətdirsə, coğrafi məhdudiyyətlər aradan qalxır. Bu ehtiyac və tələbat bizi irəli aparır və qapalı quru coğrafiyası heç bir maneə yaratmır".
