Bakı. Trend:
Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir.
Trend xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1 971 manata çatıb:
“Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı, hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu də dövlət qulluğuna marağın yüksək olması səbəblərindən biridir”.
Deputat əlavə edib ki, dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır:
“92.6 faizi digər təsnifatlarda o cümlədən, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövlət qulluqçuların böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır.
Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir”.
V.Bayramov qeyd edib ki, bu sahədə aparılan dərinləşidirilmiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib.
“Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”, - deyə o fikrini yekunlaşdırıb.
