Bakı. Trend:
"IDIBELL" tədqiqatçıları orqanizmin qocalması ilə mübarizə yanaşmasını radikal şəkildə dəyişə biləcək bir strategiya təqdim ediblər.
Trend xəbər verir ki, araşdırmanın nəticələri “Nature Aging” (NA) elmi dərgisində nəşr olunub.
Tədqiqat qrupunun alimləri “RhoA” zülalını bloklayan “Rhosin” adlı preparat vasitəsilə qan yaradan kök hüceyrələrini “cavanlaşdırmağa” nail olublar.
Məlum olub ki, bu zülal yaşlanan sümük iliyi hüceyrələrində həddindən artıq aktiv olur; həmin hüceyrələrin nüvəsində artan mexaniki gərginliyə reaksiya verərək immunitetin zəifləməsinə və qan regenerasiyasının aşağı düşməsinə səbəb olan pozuntular zəncirini işə salır.
Müəlliflər vurğulayırlar ki, ənənəvi qocalma əleyhinə texnologiyalar qocalmanın yalnız nəticələrini ləngidir, yeni yanaşma isə onun fundamental mexanizminə — qanyaradıcı kök hüceyrələrdə baş verən yaşa bağlı dəyişikliklərə təsir göstərir.
Əgər nəticələr klinik sınaqlarda təsdiqlənsə, qanın farmakoloji “cavanlaşdırılması” sağlamlığın uzadılması və yaşla bağlı xəstəliklərin profilaktikası üçün real bir vasitəyə çevrilə bilər.
