...

bp AÇG-də neftvermənin artırılması üzrə texnologiyaların tətbiqinin riskləri barədə danışıb

Energetika Materials 25 Noyabr 2025 15:24 (UTC +04:00)
bp AÇG-də neftvermənin artırılması üzrə texnologiyaların tətbiqinin riskləri barədə danışıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Neftvermənin artırılması texnologiyalarının (EOR) tətbiqi ciddi risklərlə müşayiət olunur - buna “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında bahalı quyuların potensial itkisi də daxildir.

Trend xəbər verir ki, bunu bu gün AÇG sahəsinin işlənilməsi üzrə meneceri Əfqan Hüseynov Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, iki pilot layihə çərçivəsində üç quyu seçilib və AÇG-də dənizdə qazma işlərinin aparılması iri həcmli investisiyalar tələb edir.

“Biz riskləri təhlil etmişik və bilməliyik ki, bu quyuları itirə bilərik. Bu cür layihələrin real qiyməti budur. Əgər hər hansı element işləməzsə, məsələn, su vurulan injektor quyusu kimi bir quyu bağlana bilər və onun silinməsinə hazır olmaq lazımdır”, – A. Hüseynov vurğulayıb.

O qeyd edib ki, texnologiyanın nə üçün tətbiq edildiyini, dəyərin harada yaradıldığını, hansı müddətdə və hansı pilot sahələrdə sınaqdan keçirilməli olduğunu dəqiq anlamaq vacibdir.

A.Hüseynov həmçinin təklif olunan dəstəyə görə SOCAR-a minnətdarlığını ifadə edib. “Çoxsaylı, bəlkə də fəaliyyətsiz qalan quyuların mövcudluğu fonunda SOCAR bizə – əgər EOR daxil olmaqla konkret layihələr varsa – təcrübələr aparılması üçün quyular təqdim etməyi təklif edib. Lakin risk profilini dəqiq anlamaq vacibdir”, – deyə o bildirib.

A. Hüseynovun sözlərinə görə, quyuların xaotik şəkildə itirilməsi ciddi nəticələrə səbəb ola bilər.

“EOR – müəyyən mərhələdə mütləq tətbiq olunmalı texnologiyadır, lakin onunla bağlı risklərə hazır olmaq vacibdir”, – bp nümayəndəsi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti