Bakı. Trend:
Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, dünyada hər 3 qadından 1-i nə vaxtsa zorakılığa məruz qalıb, hər üç dəqiqədən bir ən azı bir qadın öldürülür. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib. Bu il bu günün 26 ili tamam olur.
“Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var. Hələ də, zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Və bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar”, - deyə millət vəkili qeyd edib.
