...

Yetkin yataqların bərpası - SOCAR-ın fəaliyyətinin əsas prioritetlərindəndir

Energetika Materials 25 Noyabr 2025 15:05 (UTC +04:00)
Yetkin yataqların bərpası - SOCAR-ın fəaliyyətinin əsas prioritetlərindəndir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Dünya üzrə neft hasilatının 70 faizdən çoxu artıq yetkin yataqlarda həyata keçirilir və bu göstərici artmaqda davam edir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçiirilən SPE Xəzər Texniki Konfransında SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov bildirib.

“Ölkə daxilində 30-dan çox yataqda 10 000-dən artıq quyunu idarə edirik. Bu yataqlar struktur xüsusiyyətlərinə, məhsul tərkibinə, infrastrukturun vəziyyətinə və digər parametrlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Yəni faktiki olaraq yataqlar arasında son dərəcə geniş fərqlər diapazonu ilə üzləşirik”, – deyə Murad Seyidov vurğulayıb.

O qeyd edib ki, SOCAR üçün yetkin yataqların bərpası sadəcə panel müzakirəsinin mövzusu deyil, gündəlik fəaliyyətin əsas prioritetlərindən biridir.

“Bu, seçim məsələsi deyil – son üç-beş ildə həyata keçirdiyimiz strategiyadır. Biz anladıq ki, yetkin yataqlar fərqli yanaşma tələb edir. Burada həcmlərin böyüklüyü yox, dəyərə yönümlülük önəmlidir. Məqsədimiz – yetkin aktivləri dəyər yaratmağa fokuslanaraq səmərəli şəkildə idarə etməkdir”, – deyə Murad Seyidov bildirib.

Onun sözlərinə görə, yetkin yataqlarda bir sıra məhdudiyyətlər mövcuddur.

“Bu yataqların bəziləri artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu isə təkcə yeraltı ehtiyatların azalması deyil, həm də köhnəlmiş təcrübələrin, məhdud bilik mübadiləsinin, infrastrukturun, quyuların və kəmərlərin yaşlanmasının təsiri deməkdir. Belə şəraitdə şirkətin maliyyə, əməliyyat və resurs məhdudiyyətləri əsas amillərə çevrilir”, – SOCAR nümayəndəsi əlavə edib.

O bildirib ki, yataqların bərpasına yanaşmanın əsasında insan düşüncəsi dayanır.

“Biz həcmlərə yox, dəyərə fokuslanırıq. Bu yanaşma maliyyə qərarlarının və texniki tədbirlərin prioritetlərini, eləcə də əsas effektivlik göstəricilərimizi müəyyənləşdirir. Bərpa, məqsədyönlü düşünən və dəyər yaratmağa köklənən insanlarla başlayır. Vəzifəmiz insanları sadəcə icra etməyə yox, düşünməyə motivasiya etməkdir”, - deyə Murad Seyidov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti