...

MDB məkanında alınmış klinik ixtisasların Azərbaycanda tanınması faktiki olaraq dayanıb – Sədr müavini

Cəmiyyət Materials 25 Noyabr 2025 13:00 (UTC +04:00)
MDB məkanında alınmış klinik ixtisasların Azərbaycanda tanınması faktiki olaraq dayanıb – Sədr müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son aylarda yüzlərlə vətəndaşımızın, xüsusilə də Rusiyada və digər MDB ölkələrində tibbi təhsil və klinik ixtisaslaşma almış azərbaycanlı həkimlərin müraciətləri artmaqdadır. Söhbət bir mühüm problemdən — xaricdə, xüsusilə MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizminin faktiki olaraq dayanmasından gedir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, yeni rezidentura proqramının tətbiqindən sonra bu qrup həkimlərin Azərbaycanda fəaliyyətə başlaması çox çətinləşib və bəzən tam qeyri-mümkün vəziyyətə düşüb:

“İlkin baxışda bu mövzu texniki məsələ kimi görünə bilər, lakin əslində burada həm insani hüquqlar, həm ölkəmizin səhiyyə ehtiyacları, həm də hüquqi öhdəliklər toxunur.

Bu insanlar — həmin həkimlər — bizim vətəndaşlarımızdır, əslən azərbaycanlılardır, Azərbaycan dilini bilirlər və ölkələrində xidmət göstərmək istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda təhsil alıb, işləyib və bu gün sadəcə öz peşələrini vətənlərində icra etmək istəyirlər”.

Deputat vurğulayıb ki, bu gün Avropanın bir çox ölkələri dünyanın müxtəlif yerlərində təhsil almış həkimləri eləcə də azərbaycanlı həkimləri sadəcə test, imtahan, təcrübə və adaptasiya mərhələlərindən keçirərək sistemə daxil edir. Heç bir ölkə belə resursu geri çevirmir. Əksinə, xüsusilə kadr çatışmayan sahələrdə bu modeldən aktiv istifadə olunur:

“Bizim isə real vəziyyətimiz budur: ölkədə, xüsusilə regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur. Biz həkim ehtiyatı axtarırıq, amma hazır, yetişmiş və dil baryeri olmayan bir resursdan istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiya keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır olduqlarını bildirirlər.

Azərbaycan diplomların tanınması ilə bağlı bir sıra beynəlxalq öhdəliklərə qoşulub. Yəni rədd qərarının hüquqi əsası olmalıdır, imtahan və ya adaptasiya hüququ təmin edilməlidir”.

R.Mahmudov əlavə edib ki, bu, nə siyasi, nə də emosional məsələdir.

“Bu, tamamilə texniki, şəffaf və idarə olunan bir mexanizmlə həll edilə biləcək bir problemdir. Bu mexanizmin yaradılması həm ölkəmizin insan kapitalına, həm də səhiyyə sisteminin real ehtiyaclarına xidmət edəcək. Xaricdə, xüsusilə MDB məkanında klinik ixtisas almış azərbaycanlı həkimlərin ixtisaslarının tanınması üçün daimi, şəffaf və hüquqi cəhətdən əsaslandırılmış mexanizm və adaptasiya imtahanlarının təşkil edilməsinə ehtiyac var”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti