Bakı.Trend:
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ən yüksək səmərəlilik naminə yataqların işlənməsi üzrə yanaşmaları yenidən nəzərdən keçirməyə hazırdır.
Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakıda kçeirilən SPE Xəzər Texniki Konfransında deyib.
“Əsas meyar mövcud aktivlərdən maksimal effektiv istifadə etməyə imkan verən texniki həllər olaraq qalır. Mövcud yataqlarla işlə yanaşı, SOCAR yeni layihələrə və artıq olan yataqların təkrar işlənməsinə də diqqət ayırır”, – deyə o bildirib.
Buna misal kimi B.Hüseynov “Bahar” yatağını göstərib. Onun sözlərinə görə, bu yataqda çıxarılma əmsalı 10 faizdən aşağı idi və çoxları onu tükənmiş hesab edirdi. Lakin SOCAR komandası burada əhəmiyyətli potensial müəyyən edib və layihənin inkişafını davam etdirir.
“Geoloji kəşfiyyat ehtiyatların artırılması üçün vacib alət olaraq qalır və SOCAR komandası bu vəzifənin öhdəsindən uğurla gəlir. Bu isə uzunmüddətli hasilat və inkişaf balansını təmin etməyə imkan verəcək”, – deyə o əlavə edib.
