Bakı. Trend:
25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin
daha da dərinləşdirilməsi naminə son zamanlar yüksək səviyyəli
səfərlərin artan dinamikasının qorunub saxlanılmasının vacibliyi
diqqətə çatdırılıb. Bu çərçivədə, Azərbaycan Respublikasının
Prezidentinin Vatikana rəsmi səfərləri, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın cari ilin oktyabr
ayında Müqəddəs Taxt-Taca baş tutmuş səfəri və səfər çərçivəsində
həyata keçirilmiş görüşlərin və tədbirlərin əhəmiyyəti
vurğulanıb.
Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun
dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və
gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və
bərpa layihələri məmnunluqla xatırlanıb. Mehriban xanım Əliyevanın
Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası və
tədqiqat mərkəzi olan "Bambino Gesu"nu ziyarəti və ölkəmizlə bu
sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi və hal-hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb.
2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis
edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan
verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası
dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil
olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər
haqqında danışılıb.
Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı
ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya
töhfəsi qeyd edilib.
Bununla yanaşı, qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə
olunub, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və təşəbbüsləri
barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, ölkəmizin
enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin
inkişafında rolu, Orta Asiya ölkələri ilə əlaqələr barədə fikir
mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov görüş zamanı qarşı tərəfə
Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi
zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində
həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı
inkişaflar barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
