Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 noyabr 2025-ci il tarixlərində Nayrobidə (UNON) keçirilən UN-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təmsilçiləri daxildir.
Sessiyanın ilk günü tədbirə qatılan nümayəndələr UN-Habitat-ın təşkilati, maliyyə, proqram və inzibati məsələlərinin müzakirəsində iştirak edib.
Bununla yanaşı, iclas çərçivəsində “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökümətlərarası İşçi Qrupun həmsədrlərinin çıxışı baş tutub.
Anar Quliyev Azərbaycan və Somali tərəfindən yeni seçilmiş həmsədrlərin mövqeyini təqdim edib. Həmsədrlik mandatı ölkələrə 2025-ci ilin oktyabrında keçirilmiş ikinci sessiyanın qərarına əsasən verilib.
Anar Quliyev İşçi Qrupunun qlobal mənzil siyasətinə töhfəsini vurğulayaraq, Azərbaycan və Somalinin qarşıdakı dövrdə həyata keçirəcəyi əsas istiqamətləri diqqətə çatdırıb. O, həmçinin ikinci sessiyanın nəticələri, görülmüş işlər və növbəti mərhələnin prioritetləri barədə məlumat verib.
