Bakı. Trend:
Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri Samir Ksaud Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə görüşdə 2029-cu ildə klublararası dünya çempionatının Braziliyada keçirilməsində maraqlı olduqlarını bildirib.
Trend xəbər verir ki, bu barədə CBF-nin mətbuat xidməti məlumat yayıb.
Ksaud görüşdə ABŞ-də keçirilən 2025-ci il turnirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və Braziliya klublarının səviyyəsini vurğulayaraq növbəti turnirin ölkəsində keçirilməsini təklif edib. FİFA Prezidenti Canni İnfantino bu təklifi müsbət qarşılayıb.
Braziliya artıq bir neçə dəfə böyük futbol turnirlərinə ev sahibliyi edib. Ölkə 1950 və 2014-cü illərdə dünya çempionatına, həmçinin 2019 və 2021-ci illərdə Amerika Kubokuna ev sahibliyi edib. 2025-ci ildə klublararası dünya çempionatı isə ilk dəfə dəyişdirilmiş formatda, 32 komandanın iştirakı ilə ABŞ-da keçiriləcək.