Bakı. Trend:
Qızılın ilin əvvəlindən etibarən 31 faiz bahalaşmasına baxmayaraq, dünya üzrə mərkəzi banklar bu qiymətli metala sərmayə yatırmaqda israrlıdır.
Trend xəbər verir ki, Beynəlxalq Qızıl Şurasının (WGC) apardığı sorğuya əsasən, mərkəzi bankların 43 faizi qiymət artımına rəğmən qızıl ehtiyatlarını artırmağı planlaşdırır. Bu göstərici son altı ilin – yəni 2018-ci ildən bu yana – ən yüksək səviyyəsidir.
Xatırladaq ki, 2024-cü ilin aprelində bu göstərici cəmi 23 faiz idi.
Sorğuda iştirak edən 72 mərkəzi bankın heç biri qızıl rezervlərini azaltmağı düşünmür. Hazırda dünya üzrə rəsmi olaraq açıqlanan qızıl ehtiyatlarının həcmi 36 min tonu ötərək yeni tarixi maksimuma çatıb.
Mütəxəssislərin fikrincə, geosiyasi risklər, yüksək inflyasiya və dolların dəyəri ilə bağlı qeyri-müəyyənlik mərkəzi bankları qızılı etibarlı aktiv kimi saxlamağa vadar edir.