Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı böhranı diplomatik yolla həll etməyə çalışması üçün İrana maksimum iki həftə vaxt verməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Tramp Nyu-Cersidə jurnalistlərlə söhbətində məlumat verib.
"Biz onlara vaxt veririk. Görəcəyik bu müddət necə işləyəcək. Amma mən deyərdim ki, bu, maksimum iki həftə ola bilər", – deyə o bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt iyunun 19-da jurnalistlər üçün keçirilən brifinqdə Trampın yazılı bəyanatını oxuyaraq bildirib ki, ABŞ rəhbərliyi Tehranla nüvə proqramı ətrafında diplomatik əlaqələr qurmaq şansının olduğunu düşünür. Eyni zamanda, bu iki həftə ərzində ABŞ-nin İrana hərbi zərbə endirib-endirməyəcəyi ilə bağlı qərar veriləcək.