...

“Azərbaycan” məhəlləsi: Humanitar diplomatiyanın və türk həmrəyliyinin strateji simvolu – ŞƏRH

Siyasət Materials 20 İyun 2025 22:00 (UTC +04:00)
“Azərbaycan” məhəlləsi: Humanitar diplomatiyanın və türk həmrəyliyinin strateji simvolu – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi iki qardaş ölkə arasında birliyin, həmrəyliyin göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili xatırladıb ki, 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək məqsədilə Azərbaycan ən yüksək səviyyədə dəstək göstərib:

“Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci idi. Belə ki, Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən, axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Azərbaycan xalqı və dövləti çətin gündə Türkiyədəki qardaş və bacılarımız üçün əlindən gələni etdi. Maddi vəziyyətindən asılı olmayaraq, bütün insanlarımız səfərbər oldular, insanlar könüllü şəkildə yardım məntəqələrinə gedərək dəstək göstərdilər. Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplandı, ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salındı”.

Deputat vurğulayıb ki, bu dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü növbəti dəfə təşkilata üzv dövlətlərin həssas məqamda mükəmməl birlik və həmrəyliyini nümayiş etdirdi.

“Məlumdur ki, dövlət başçımız belə bir təşəbbüslə zəlzələdən öncə çıxış etmiş, bu təşkilat çərçivəsində üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə Görüşü platformasının yaradılması ideyasını irəli sürmüşdü və görüş əslində mədəniyyət paytaxtımız olan Şuşada baş tutmalı idi. Lakin məlum dağıdıcı zəlzələdən sonra məhz Prezident İlham Əliyev bu tədbirin qardaş ölkədə keçirilməsini təklif etdi.

“Azərbaycan məhəlləsi” bu gün həm Türkiyədə, həm də bütövlükdə türk dünyasında “qürur tablosu” kimi qiymətləndirilir. Xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur. Bu, bir daha onu göstərir ki, iki ölkə arasında münasibətlərin dünyada bənzəri yoxdur”, - deyə K.Nurullayeva fikrini yekunlaşdırıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva isə Trend-ə açıqlamasında deyib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir:

“Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin bu səviyyədə yüksək inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İyunun 19-da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasiminin keçirilməsi iki ölkənin qardaşlığınının gücünü bir daha nümayiş etdirdi”.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada möhkəmlənməsində mühüm rol oynayıb:

“Bu dövrdən başlayaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməyə başlayıb. Enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Türkiyənin Azərbaycanda həyata keçirdiyi təhsil və mədəniyyət layihələri, eləcə də tələbə və müəllim mübadiləsi proqramları iki xalq arasında qarşılıqlı anlaşmanı və mənəvi bağlılığı daha da dərinləşdirib”.

Sevinc Fətəliyeva qeyd edib ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

“Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. Dövlətimizin başçısının xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1 194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti