...

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçında olublar (FOTO)

Siyasət Materials 20 İyun 2025 17:22 (UTC +04:00)
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçında olublar (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın.Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçından başlayıb.

Trend-in yerli müxbiri xəbər verir ki, diplomatlar Laçın Beynəlxalq Hava Limanında Laçın Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Məsim Məmmədov tərəfindən qarşılanıb.

Hava limanı ilə tanışlıq zamanı qonaqlar yeni istifadəyə verilən aeroport haqqında məlumat verilib. Bildirilib ki, indiyədək azad olunan ərazilərdə müasir standartlara cavab verən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları inşa olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdiyi Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının ümuminsayı doqquza, azad olunan ərazilərimizdə isə üçə çatıb.Tikintisinə 2021-ci ilin avqust ayında başlanılan bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Laçın rayonunun Qorçu kəndində yerləşən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq.

Diplomatik korpus nümayəndələri Laçın səfəri çərçivəsində “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.
Qonaqların tanışlıq səfərinin növbəti ünvanı Yurd Qalereyası olub.

Bildirilib ki, urd Qalereyası Laçın şəhərində fəaliyyət göstərən mədəniyyət məkanıdır. 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində açılmış bu qalereya Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsini əks etdirmək məqsədi daşıyır. Burada yerli sənətkarların əsərləri, bölgənin tarixi və etnoqrafiyası ilə bağlı eksponatlar sərgilənir. Qalereya həm də mədəni tədbirlər və sərgilər üçün yaradıcı bir platformadır. "Yurd" adı bu torpağa bağlılıq və milli kimlik rəmzidir. Bakı Abadlıq Xidmətinin dəstəyi ilə Laçın şəhərində açılan ilk özəl "Yurd" qalereyası artıq Azərbaycanın hüdudlarından kənarda, Avropada təmsil olunur.

Daha sonra qonaqlar “Lacinema” mərkəzində olublar. Qeyd edilib ki, Kino Mərkəzi musiqili və bədii tədbirlərin qeyd edildiyi məkana çevrilib. Bayram və əlamətdar günlər ərəfəsində mərkəzdə mədəni bir çox tədbirlər təşkil edilir. Daha sonra Laçının işğal vaxtında dağıdıldımış və azad edildikdən sonra görülən bərpa quruculuq işlərini özündə əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəsi Məsim Məmmədov qonaqlara Laçın haqqında təqdimatı olub. Qonaqların Laçın səfəri Seyrangahda davam edib Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıblar şəhərdə görülən bərpa quruculuq işləri sayəsində Laçının yenidən abadlaşdığına şahid olublar.

Diplomatik korpus nümayəndələri, Laçında fəliyyətə başlayan mərkəzlərdən biri olan"Gilabi Ceramics mərkəzində də olublar. Burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib.

Qeyd edilib ki, hələ qədimdən Laçında yaradıcılıq əl işlərinin olduğu nəzərə alınaraq bu mərkəzin fəaliyyəti reallaşdırlıb Burada Laçında hələ əvvəldən hazırlanan müxtəlif əl işlərinin yenidən ərsəyə gətirilməsi ilə yanaşı həm də sakinlər iş yeri ilə təmin olunub.

Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olublar.

Bildirilib ki, Laçın işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri zamanı Həkəri çayının sahilində bulvar yaradılıb və sakinlərin asudə vaxtlarında istirahəti üçün burada lazımı şərait yaradılıb. Daha sonra qonaqların da iştirakı ilə Həkəri çayına balıqlar buraxılıb.

Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti