Bakı. Trend:
Azərbaycanın regionlarında Süni İntellekt Forumunun keçirilməsi nəzərə tutulur.
Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev "Gənclərin Süni İntellekt Forumu" çərçivəsində Trend-ə açıqlamasında məlumat verib.
O, əvvəlcə bu gün Bakıda baş tutan Süni İntellekt Forumu barədə danışıb:
"Bu gün biz sayca ikinci olan gənclər üçün Süni İntellekt Forumunu keçiririk. Bu forum çərçivəsində dövlət qurumları olaraq Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə təşkil edilib.
Forumda iştirakla bağlı 1000-dən çox gəncin müraciəti qeydə alınıb. Lakin yer məhdudiyyətini nəzərə alaraq 200-dən çox gəncin forumda iştirakı baş tutub".
A.Əliyev təmsil etdiyi mərkəzin əsas məqsədlərindən də bəhs edib:
"Əsas məqsədimiz dövlətimizin gənclər üçün yaratdığı texnologiya və rəqəmsal həllər istiqamətində olan imkanlar barəsində onları məlumatlandırmaq, maarifləndirmək, eyni zamanda, süni intellekt alətlərindən effektiv, səmərəli şəkildə istifadələrini təşviq etməkdir.
Gənclərin foruma artan marağını nəzərə alaraq, hesab edirəm ki, növbəti mərhələlərdə də bu istiqamətdə bizim fəaliyyətimiz - layihə və tədbirlərimiz həyata keçiriləcək".
A. Əliyev vurğulayıb ki, gənclərin şəxsi inkişafı və karyera quruculuğu istiqamətində regionlarda da silsilə tədbirlər həyata keçirilir:
"Buna müvafiq olaraq Süni İntellekt Forumunu regionlarımızda da həyata keçirməyi planlaşdırırıq.
Bundan başqa, gənclərin karyera quruculuğu istiqamətində "Carrier Lab" layihəmiz var. Layihəyə uyğun olaraq artıq 20-dən çox şəhər və rayonda minlərlə gəncin iştirakı ilə onların karyera quruculuğuna dəstək olmağa çalışırıq. Həmçinin, müxtəlif sahənin peşəkarları ilə gənclərin görüşünü təşkil edirik".
"Növbəti aylarda biz bu layihəni daha geniş şəkildə və daha çox gənc üçün də həyata keçirməyi hədəfləmişik", - deyə A.Əliyev fikirlərini yekunlaşdırıb.