...

Azərbaycan-Türkiyə qardaşlığı: sözlərlə deyil, əməllərlə - ŞƏRH

Siyasət Materials 20 İyun 2025 12:07 (UTC +04:00)
Azərbaycan-Türkiyə qardaşlığı: sözlərlə deyil, əməllərlə - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Türkiyənin tarix baxımından xilasında rol oynayıb, eyni tarixi missiya Türkiyəyə də məxsusdur.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin yaxşı günü ilə yanaşı, faciəli anlarında da dəstək olub:

“O cümlədən Türkiyənin Kahramanmaraş vilayəti daxil olmaqla, 6 vilayətində olan zəlzələ nəticələrinin aradan qaldırılmasında da ən önəmli rolu Azərbaycan oynayıb. Şübhə yoxdur ki, iki ölkənin son sinxron yanaşmasında 2 mühüm detal var”.

“İlk olaraq Qarabağ məsələsindən başlamaq lazımdır, çünki Azərbaycan Qarabağın yenidən qurulmasını həyata keçirən ölkədir. Bu təcrübə isə başqa bir türk coğrafiyasında həyatın bərpası kimi davam etdirilir. Böyük Qayıdış həm Qarabağda, həm də Kahramanmaraşda həyatın yenidən canlanması ilə reallaşır. Bu, həmçinin Azərbaycanın qalibiyyət tarixini Türkiyənin qalibiyyət tarixiylə birləşdirmək deməkdir”.

Siyasi şərhçi Turan Rzayev isə Trend-ə bildirib ki, Kahramanmaraş zəlzələsi təkcə Türkiyənin deyil, bütün Türk dünyasının yaddaşında dərin iz buraxdı:

“Bu təbii fəlakət regional həmrəyliyin və birgə humanitar diplomatiyanın nə qədər vacib olduğunu bir daha göstərdi. Fəxrlə deyə bilərik ki, zəlzələdən dərhal sonra Azərbaycan Türkiyəyə ilk dəstək əlini uzadan ölkə oldu. Azərbaycan dövləti bütün gücü ilə Türkiyənin yanında oldu. Xüsusilə axtarış işlərində azərbaycanlı könüllülər və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının xidməti əvəzsizdir. Əslində, bu ilk belə hal deyil və təəccüblü də deyil. Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir ki, “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulub. Lakin son illərdə bu prinsip konkret infrastruktur layihələri və real sosial proqramlarla daha da möhkəmlənərək, münasibətlərin emosional çərçivədən çıxıb funksional müstəviyə keçdiyini göstərir. Kahramanmaraşda açılan “Azərbaycan Məhəlləsi” isə yalnız fiziki bərpa layihəsi deyil, həm də siyasi və mədəni birliyin, inteqrasiyanın yeni mərhələsidir”.

Onun sözlərinə görə, məhəllənin inşasında Azərbaycanın dövlət strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatları və könüllü təşəbbüslər də iştirak edib ki, bu da yardım konsepsiyasının tək yönlü deyil, iştirakçı və şaxələnmiş formatda həyata keçirildiyini göstərir:

“Türkiyəyə dəstəyin bu qədər konkret və dərin məzmunlu şəkildə göstərilməsi Azərbaycanı regionda təkcə enerji və təhlükəsizlik sahəsində oyunçu kimi deyil, həm də sosial məsuliyyət daşıyan strateji tərəfdaş kimi təqdim edir. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Azərbaycan Məhəlləsi” yalnız bir yaşayış kompleksi kimi nəzərdə tutulmur. Gələcəkdə burada mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının və sosial layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu isə iki ölkə arasında ictimai diplomatiyanın dərinləşməsi üçün mühüm platforma olacaq. Belə mərkəzlər türk kimliyinin, ortaq dəyərlərin və tarixi yaddaşın yeni nəsillərə ötürülməsində vacib vasitəyə çevrilə bilər. Azərbaycanın bu təşəbbüsü təkcə insani yardım deyil, eyni zamanda strateji sədaqətin nümayişidir və regionda davamlı inteqrasiya ilə etimad mühitinin formalaşmasına əhəmiyyətli töhfə verir”.

Siyasi şərhçi Tural İsmayılov Trend-ə deyib ki, Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılması təkcə bir məhəllənin inşası deyil, iki dövlət arasındakı strateji qardaşlığın rəmzi olaraq dəyərləndirilməlidir:

“Bu addım Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyini və emosional bağların konkret fiziki simvola çevrildiyini göstərir. 2023-cü ildəki dağıdıcı zəlzələdən dərhal sonra Azərbaycanın hadisə yerinə ilk çatan dövlətlərdən biri olması təsadüfi deyildi, bu, tarixin, ruhun və millətin çağırışı idi. Azərbaycan dövləti təkcə humanitar yardım göndərmədi, həm də bərpa işlərində aktiv rol aldı və davamlı layihələrlə prosesin içində qaldı. Kahramanmaraşda inşa edilən "Azərbaycan Məhəlləsi" həm də gələcək nəsillərə mesajdır – biz bu torpaqlarda qardaşlıqla varıq və var olacağıq. Məhəllənin tikintisi sadəcə sosial məsuliyyət deyil, həm də siyasi mesajdır: Azərbaycan-Türkiyə əlaqələri yalnız siyasi və hərbi sahədə deyil, humanitar və sosial sahələrdə də nümunəvidir. Zəlzələdən sonra Azərbaycan dövlətinin və xalqının həmrəylik nümayişi Türkiyə cəmiyyətində dərin minnətdarlıq hissi doğurdu”.

O qeyd edib ki, Azərbaycan Məhəlləsində fəaliyyət göstərəcək təhsil və mədəniyyət mərkəzləri qardaşlıq ruhunu gələcək nəsillərə ötürmək baxımından strateji əhəmiyyət daşıyır:

“Burada fəaliyyət göstərəcək məktəblərdə və mədəniyyət mərkəzlərində Azərbaycan-Türkiyə ortaq dəyərlərinin aşılanması vacib olacaq. Bu, həm də “bir millət, iki dövlət” fəlsəfəsinin həyatın içində, konkret yaşam mühitində tətbiqidir. Sosial inteqrasiya prosesində Azərbaycan mədəniyyətinin tanıdılması, qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün fürsətlər yaranır. Bu məhəllə həmçinin, Azərbaycanın beynəlxalq humanitar imicinə də müsbət təsir göstərir. Bu məhəllə gələcəkdə ikitərəfli mədəni tədbirlərin, simpoziumların və ortaq tədris layihələrinin mərkəzinə çevrilə bilər. Məhəllənin davamlı sosial proqramlarla dəstəklənməsi həm Azərbaycan, həm də Türkiyə vətəndaşları arasında bağları gücləndirəcək. Bu, həm də regionda qeyri-sabitliyin artdığı bir dönəmdə türk dünyasının sabitlik və davamlılıq nümunəsidir. Belə layihələr sadəcə diplomatik jest deyil, ortaq gələcək və ortaq yaddaşın qurulmasıdır. Azərbaycanın təşəbbüsü ilə yaranan bu məhəllə iki xalqın ortaq tarixində mühüm bir səhifə kimi qalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti