...

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: “Azərbaycan” məhəlləsi və yeni geosiyasi-mənəvi həmrəylik – ŞƏRH

Siyasət Materials 20 İyun 2025 18:55 (UTC +04:00)
Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: “Azərbaycan” məhəlləsi və yeni geosiyasi-mənəvi həmrəylik – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ölkələrimiz arasındakı sarsılmaz dostluğun, qardaşlığın və mənəvi birliyin növbəti bariz nümunəsidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik və strateji tərəfdaşlıqdan ibarət deyil, bu, bir millət, iki dövlət anlayışına söykənən sarsılmaz, dərin və mənəvi bağlara malik bir qardaşlıq münasibətidir:

“Tarixin müxtəlif dövrlərində ölkələrimiz bir-birinin yanında olub, sevinci də, kədəri də birgə yaşayıb, çiyin-çiyinə irəliləyib. Türkiyə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olduğunu açıq və qəti şəkildə bəyan etmişdi. Bu, təkcə siyasi dəstək deyildi. Bu, mənəvi güc, xalqın ruhuna ruh qatan səmimi qardaşlıq çağırışı idi. Azərbaycan xalqı bu dəstəyi heç vaxt unutmayacaq. Eyni şəkildə, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan dərhal yardım əli uzatdı. Qardaş Türkiyənin yaralarını sarmaq üçün yüzlərlə xilasedici, tibbi personal, humanitar yardım və yenidənqurma dəstəyi göndərildi. Qardaş ölkə dağıdıcı zəlzələdən sonra yenidənqurma və bərpa mərhələsində Azərbaycan xalqının və dövlətinin böyük dəstəyini gördü. Məhz bu ağır günlərdə göstərilən həmrəylik və yardımlaşma iki ölkə arasında illərlə formalaşan qardaşlıq bağlarını daha da möhkəmləndirdi. “Azərbaycan” məhəlləsinin inşası və istifadəyə verilməsi bu həmrəyliyin davamı olaraq, Azərbaycan-Türkiyə münasibətlərində unudulmaz bir səhifə açdı”.

S.Salmanova onu da qeyd edib ki, “Azərbaycan” məhəlləsi təkcə yaşayış yeri deyil, həm də dostluq və qardaşlığın nəsillərə ötürüləcəyi bir məkandır:

“Bu məhəllə gələcəkdə də Azərbaycan-Türkiyə münasibətlərinin necə möhkəm təməl üzərində qurulduğunu və hər iki xalqın sevincli və çətin günlərdə bir-birinin yanında olduğunu hər kəsə xatırladacaq. Hesab edirəm ki, iki liderin bu mərasimdə birgə iştirakı təkcə dövlət başçılarının qarşılıqlı hörmətinin deyil, həm də xalqlar arasında əbədi birliyin və ortaq taleyin göstəricisidir”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Günay Əfəndiyeva isə Trend-ə açıqlamasında deyib ki, bu tədbir həm siyasi, həm də mənəvi baxımdan son dərəcə önəmli bir hadisə oldu. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ortaq irsimizdə növbəti bir qardaşlıq abidəsi kimi ucaldı.

“2023-cü ilin 6 fevralında Türkiyəni sarsıdan dəhşətli zəlzələnin səsi təkcə Anadolu torpağında deyil, Bakıdan Naxçıvana, Gəncədən Lənkərana qədər hər bir Azərbaycanlının evində eşidildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul etdi.

Fəlakətin ilk günlərindən Azərbaycan dövləti dərhal yardım üçün hərəkətə keçdi. Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə bütün mövcud imkanlar səfərbər edildi. Yəni, bu hisslər təkcə sözlə deyil, Azərbaycan dövləti tərəfindən əməllə sübuta yetirildi və yetirilir”.

Deputat vurğulayıb ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin geosiyasi çərçivələrdən kənara çıxaraq mənəvi həmrəylik və qarşılıqlı etimad üzərində qurulduğunun simvolik təzahürüdür.

“Azərbaycan” məhəlləsi təkcə evlərdən ibarət deyil. Burada yaşayış və əmək fəaliyyəti üçün tam infrastrukturlu bir məkan yaradılıb və inşa prosesi davam etdirilir. Artıq 1000-dən çox ailə yeni həyata başlayacaq. Ümumilli Lider Heydər Əliyevin adını daşıyan təhsil ocağı Ulu Öndərin unudulmaz "Bir millət, iki dövlət" fəlsəfəsinin yeni nəslin şüuruna kök salmasına töhfə verəcək. Orada fəaliyyət göstərən Mədəniyyət mərkəzi bizim ortaq folklorumuzun, musiqimizin, sazımızın, sözümüzün yaşadılmasına şərait yaradacaq. Yəni, bu, təkcə bərpa-yenidənqurma və ya sosial dəstək layihəsi deyil, həm də mədəniyyətlərin inteqrasiyası, ortaq yaddaşın yaşadılması üçün əhəmiyyətli bir addımdır.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, eyni zamanda beynəlxalq müstəvidə təşəbbüs göstərdiyi hər bir işi peşəkarlıqla, məsuliyyətlə və yüksək keyfiyyətlə həyata keçirən Azərbaycan obrazıdır və qardaşlıq niyyətinin məhsuludur. Bəzən çətinliklər xalqların iradəsini sınağa çəkir, lakin qardaş xalqlar bu sınaqlardan həmrəylik və dostluq ruhunu daha da gücləndirərək çıxmağı çox yaxşı bilirlər”, - deyə millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti