Laçın. Trend:
Laçında aparılan tikinti işləri nəzərəçarpan irəliləyişlə davam edir.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Cənubi Koreyadakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kimqu Kan diplomatik korpusun Laçın rayonuna səfəri çərçivəsində bildirib.
“Əslində mən bura ilk dəfədir gəlirəm. Heç vaxt təsəvvür etməzdim ki, bu yer bu qədər sakit və gözəl ola bilər. Tikinti işləri burada nəzərəçarpan dərəcədə irəliləyir. Ümid edirəm ki, yaxın vaxtlarda tamamlanacaq”, – deyə səfir bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.
Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.
“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.
İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər.